Hümmət Lalayev
Hümmət Mədət oğlu Lalayev (1902, Salyan, Cavad qəzası – 30 aprel 1978, Salyan, Salyan rayonu) — Salyan rayon istehlak cəmiyyəti idarə heyətinin sədri, Azərbaycan Texniki Təchizat İdarəsi Salyan rayonlararası satış bazasının direktoru.
== Həyatı ==
Hümmət Lalayev 1902-ci ildə Salyan qəzasının Bala Surra kəndində anadan olub. Hələ körpə ikən atası vəfat etdiyindən kiçik yaşlarından işləməyə başlamışdır. 15-16 yaşlarında yaxınlıqdakı Bankə balıq vətəgəsində işə düzəlmiş, elə o vaxtdan siyasi həyata qoşulmuşdur. Üç illik fəhlə stajı imkan verir ki, o dövrün çətin ictimai-siyasi durumundan baş çıxara bilsin.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yenidən kəndə qayıdır, burada ilk gənclər təşkilatının yaradıcılarından biri olur. Başqa həmyaşıdları ilə birlikdə kənddə ictimai-siyasi iş aparır və çox çəkmir ki, ÜİK (b) P-nin sıralarına qəbul olunur. 1926-cı ildə xidmətə çağrılır və yenicə yaradılmış Azərbaycan diviziyasının ən fəal əsgərlərindən olur. 1928-ci ildə ailə vəziyyəti ilə əlaqədar yenidən doğma kəndə qayıtmaq məcburiyyətində qalır. Əvvəlcə Bankə balıq kombinatında nəqliyyat şöbəsi rəisinin köməkçisi, sonra isə Azərbaycan Su Təsərrüfatı Həmkarlar İttifaqının rayon müvəkkili işləyir, 1931-1938-ci illərdə əvvəlcə Ərəbqardaşbəyli kənd partiya təşkilatının katibi və "Bolşevik" kolxozunda MTS-in direktor müavini olmuş, Qızılağac və Şorsulu kəndlərində kənd sovetinin sədri vəzifələrində işləmişdir.