1. Ləkələyici bir şeyin səth üzərində buraxdığı iz. Qan ləkəsi. Yağ ləkəsi. Mürəkkəb ləkəsi. Paltarındakı ləkəni silmək.
– [Eldar] sazın üstündə tünd-qara ləkələri mənə göstərdi.
Yuyuldu, divarlara; Sıçramış qan ləkəsi.
□ Ləkə düşmək – bax ləkələnmək 1-ci mənada.
Dəftərinə Gülərin; Düşdü qara bir ləkə.
Ləkə salmaq – bax ləkələmək 1-ci mənada.
Şahsənəməm, sən də inan sözümə; Gözüm yaşı ləkə saldı üzümə. “ ”.
Onun ağzından axan qan döşəməyə parlaq ləkələr saldı.
// Bədənin müxtəlif yerlərində hər hansı bir səbəbə görə əmələ gələn rəng dəyişikliyi. Üzünə ləkə düşmək. Əlinin üstündə ağ ləkələr var. Gözündə ləkə var.
– Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi.
Gülsəhər ortaboylu, … ağ-qırmızı sifətində kiçik ləkələr görünən bir arvad idi.
2. məc. Adamı ləkələyən, rüsvay edən, alçaldan şey; rüsvayçılıq, biabırçılıq, şərəfsizlik.
İntihara gəldikdə, o, insanın üzərinə atılan ləkələri daha da tutqunlaşdırır.
[Kərbəlayı Əzim:] Bu vaxtadək üstümüzdə ləkə olmayıb, bir elə iş baş verməyib ki, bizi ləkələsin.
□ (Üstünə) ləkə atmaq (vurmaq, yaxmaq) – birinin namusuna, şərəfinə toxunacaq söz demək, böhtan atmaq, biabır etmək, olmayan şeyi ona isnad etmək.
[Səməd:] Yoldaş sədr, bu kişi yalan danışır, üstümə ləkə atır.
◊ Ağ ləkə – coğrafiya xəritəsində: öyrənilməmiş yer.