Mövlud Süleymanlı
Mövlud Süleyman oğlu Balakişiyev (təxəllüsü: Mövlud Süleymanlı; 18 mart 1943, Qızıl Şəfəq, Kalinino rayonu – 21 fevral 2024, Bakı) — azərbaycanlı nasir, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1980), Əməkdar incəsənət xadimi (2003), Azərbaycanın xalq yazıçısı (2006). "Şöhrət" və "Şərəf" ordenlərinin laureatı.
Mövlud Süleymanlı 1943-cü il mart ayının 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") doğulmuşdur. Atası Süleyman Məhəmməd oğlu 1942-ci ilin axırlarında İkinci Dünya müharibəsinə getmiş, 1945-ci ilin aprel ayının 23-də Berlin uğrunda döyüşlərdə həlak olmuşdur. Anası Bağdagül Mahmud qızı bədahətən şeirlər demişdir.
Mövlud Süleymanlı Qızıl Şəfəq kənd 7 illik məktəbindən sonra qonşu İlməzli kənd orta məktəbinin X sinfini (1960) bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 1967-ci ildə oranı bitirmişdir.
Mövlud Süleymanlı 21 fevral 2024-cü il tarixində vəfat edib. Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.
Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlamışdır.