Arval qardaşları
Arval qardaşları (ing. Arval Brethren; lat. Fratres Arvales) - Qədim Romada aqrar kultu həyata keçirən 12 nəfərdən ibarət kahinlər kollegiyası; üzvləri ömürlük seçilirdi
Arval qardaşlarının fəaliyyəti qismən qorunub saxlanmış protokollardan məlumdur; Oktavian Avqust dövründən onları mərmər lövhələrə yazırdılar. Arval qardaşlarının əsas vəzifəsi məhsulun yetişməsinə yardım edən bayramların keçirilməsi idi. Bayramlar Tiber çayının sağ sahilində, mayın sonu - iyunun əvvəllərində 3 gün ərzində keçirilirdi.
Yalnız imperator Vespasianın dövründə Arval qardaşlarına yığıncaqlarını keçirmək üçün Forumda ilahə Konkordiyanın məbədində yer verilmişdi. Bayram mərasimləri ciddi nizama salınmış, vacib dua və andlar xüsusi kitablara yazılmışdı. Günlərə bölüşdürülmüş mərasim hərəkətləri şərabın, qurbanlıq heyvanların (donuz, öküz, qoyun) içalatının qurban gətirilməsindən, mərasim ləvazimatının, fetiş-küpələrin tullanmasından, sıyığın, çörəklərin yeyilməsindən ibarət idi.
Arval qardaşlarının zahiri əlaməti ağ lentlə hörülmüş sünbül çələngi sayılırdı. Rəvayətə görə, kollegiya ilk dəfə Romulun süd anası Akka Larensiyanın 12 oğlundan təsis olunmuşdu; onlardan biri öldükdən sonra yerini süd qardaşı Romul tutmuşdu.