Ken Robinson (maarifçi)
Ser Kennet Robinson (4 mart 1950, Liverpul – 21 avqust 2020, London) — İngiltərəli müəllif, natiq və incəsənət sahəsində hökumət, gəlir güdməyən təşkilatlar, təhsil və incəsənət qurumlarında təhsil üzrə beynəlxalq məsləhətçidir. Məktəblərdə İncəsənət Layihəsinin (1985–89) rəhbəri və Uorvik Universitetində İncəsənət Təhsili üzrə Professor (1989–2001) vəzifələrində çalışıb. Hal-hazırda həmin qurumda Professor Emeritus kimi fəaliyyət göstərir. 2003-cü ildə incəsənətə olan xidmətlərinə görə cəngavər tituluna layiq görülüb.
Əslən, işçi sinfindən olan Liverpul ailəsinə mənsub olan Robinson hal-hazırda Los Ancelesdə həyat yoldaşı və iki övladı ilə yaşayır.
== İlk illəri və təhsili ==
Liverpul, Merseysaydda anadan olan Robinson işçi sinfindən olan ailənin 7 övladından biridir. Qardaşlarından biri, Neil peşəkar futbolçu olmuş, Everton, Suonsi Siti, və Qrimsbi Taunda çıxış etmişdir. Sənayedə baş verən bədbəxt hadisədən sonra atası iflic olmuş, Robinson isə 4 yaşında poliomielitə yoluxmuşdur. Xəstəliyinin fiziki təsirlərinə görə Marqaret Bivan Xüsusi Məktəbinə daxil olmuş, daha sonra təhsilini Liverpul Universitet Məktəbində (1961–63), Ueyd Dikon Qrammatika Məktəbində (1963–68) davam etdirmişdir. O, daha sonra Bretton Holl Kollecdə İngilis dili və drama üzrə bakalavr təhsili almış (1968–72) və 1981-ci ildə London Universitetində təhsildə dram və teatr araşdırması üzrə Fəlsəfə Doktorluğu dərəcəsi almışdır.