Eldar Quliyev (millət vəkili)
Eldar Allahyar oğlu Quliyev (26 iyul 1951, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V, VI çağırışlarin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq"ın sədri (1993–hal-hazirda), Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor; Azərbaycan Ağsaqqallar Şurasının sədri
== Həyatı ==
Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbini bitirmiş, 1969-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.
1973–1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləmişdir. 1974–1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975–1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981–1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987–1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir.
2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur.
== Elmi fəaliyyəti ==
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir.