Moqadişo
Moqadişo (somali. Muqdisho, ərəb. مقديش) — Somalinin paytaxtı, ən iri şəhəri və əsas limanı, onun maliyyə, mədəni və sənaye mərkəzi. Şəhər yerli dildə Xamar adlanır. 2015-ci ilin qeydlərinə görə, Moqadişoda 2,120,000 sakin yaşayır.
Moqadişonun X əsrdə yaradılması hesab olunsa da, şəhərin daha qədim olduğu güman edilir. Orta əsrlərdə şəhər Ajuran dövlətinin vassalı olan Müzəffər sülaləsi tərəfindən idarə olunmuşdur. Sonradan Moqadişo Geledi Sultanlığı və Omanın Zanzibar Sultanlığının birgə nəzarəti altında olmuşdur. 1905-ci ildə İtaliya Moqadişonu İtalyan Somalisinin paytaxtı etdi. 1960-cı ildə Somali müstəqil olanda, şəhər "Hind okeanının ağ mirvarisi" adlandırılırdı.