Kerefto məbədi
Kerefto məbədi və ya Herakl məbədi — Güney Azərbaycan ərazisində, Qərbi Azərbaycan və Kürdüstan əyalətlərinin sərhədində, Kerefto dağlarında həm özünün memarlığı, həm də otaqlardan birinə girişin üzərində həkk olunmuş yunan apotropeik yazısı ilə nəzəri cəlb edən erkən Atropaten dövrünə aid qaya məbəd kompleksi. Yazının mətnində deyilir: "Ἡρακλῆ ἐνάδε κατοικεῖ·μηθὲν ἰσέλθοι κακόν" - "Burada Herakl yaşayır, hər cür pislikdən uzaq olsun".
== Tarixi ==
=== Təyinatı ===
Kereftodakı bu mağara tipli tikilinin funksional təyinatına dair ədəbiyyatda iki nöqteyi-nəzər irəli sürülmüşdür. Tədqiqatçıların bir qismi onun sitayiş təyinatlı tikinti olduğunu iddia edir. Digər tədqiqatçılar isə əksinə, qayalıqlarda oyulmuş otaqlar kompleksinin mülki səciyyə daşıdığını söyləyirlər. Onlar belə hesab edirlər ki, bu kompleks yunan hərbi hissəsinin yerləşdiyi obyekt olmuşdur və Böyük Madanın şimal sərhədlərinin onu əhatə edən "barbar" xalqlardan müdafiəsi həmin hərbi hissənin vəzifəsi olmuşdur.
Kereftonun yaşayış kompleksi olduğunu iddia edən alimlər qeyd edirlər ki, Heraklın adı olan apotropeik formul həmişə şəxsi evə girişin üzərində yerləşir və bir növ tanrının himayəsi altında olan yaşayış yeri ilə əlaqələndirilmiş xeyir-duadır.
Bu nöqteyi-nəzərin tərəfdarları habelə Kerefto kompleksinin təcrid halında olduğunu, kompleksin böyük yollardan kənarda yerləşdiyini, yalnız otlaq yeri kimi istifadə oluna biləcək, kasıb bitki örtüyünə malik olan ərazidə qərarlaşdığını qeyd etmişlər.
A. Fazili qeyd edir ki, birincisi, Kerefto yazıları kimi yazılar yalnız yaşayış binalarında tətbiq edilmirdi. Bu cür formullar məqbərələrdə, qəbirüstü daş lövhələrdə, ictimai binalarda, habelə dini mahiyyətli memarlıqda da məlumdur.