Nəğməli inqilab
Nəğməli inqilab (est. laulev revolutsioon; latış. dziesmotā revolūcija; lit. dainuojanti revoliucija; rus. Поющая революция) — Soyuq müharibənin sonunda Baltikyanı ölkələrin – Estoniya, Latviya və Litvanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa etmələri ilə nəticələnən hadisələri bildirmək üçün istifadə olunan ifadə. Bu termin Estoniyalı fəal və rəssam Hayns Valk tərəfindən 1988-ci ildə iyunun 10-dan 11-nə keçən gecə Tallin Mahnı Festivalı Meydanında kortəbii surətdə baş tutan və mahnılarla müşayiət olunan kütləvi nümayişlərdən bir həftə sonra nəşr olunmuş məqalədə irəli sürülmüşdür. Sonralar hər üç ölkə 2004-cü ildə Avropa İttifaqı və NATO-ya üzv olur.
İkinci Dünya müharibəsindən sonra Baltikyanı ölkələr əvvəlcə 1940-cı ildə, daha sonra isə 1944-cü ildə işğal və ilhaqdan sonra tam şəkildə SSRİ-nin tərkibinə daxil edildi. Mixail Qorbaçov 1985-ci ildə uğursuz Sovet iqtisadiyyatını stimullaşdırmaq və xüsusilə də istehlak malları, kooperativ biznesin liberallaşdırılması və xidmət iqtisadiyyatının genişləndirilməsi sahələrində məhsuldarlığı təşviq etmək ümidi ilə "qlasnost" (aşkarlıq) və "perestroyka" (yenidənqurma) siyasətini tətbiq etdi. Qlasnost islahatı Sovet İttifaqında siyasi azadlıqlara qoyulan məhdudiyyətləri ləğv etdi, hansı ki bu məhdudiyyətlər 1940-cı illərdə müharibə zamanı işğal edilən ərazilərdəki qeyri-rus xalqlarında problemlərə gətirib çıxarmışdı.