Əkrəm Naibov
Əkrəm Nəcəf oğlu Naibov (Əkrəm Əylisli; 6 dekabr 1937, Yuxarı Əylis, Ordubad rayonu) — nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, Azərbaycan Respublikasının sabiq xalq yazıçısı, Azərbaycan SSR Lenin komsomolu mükafatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1984), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı.
Əkrəm Əylisli 6 dekabr 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur. Burada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini bitirdikdən sonra Azərnəşrin tərcümə redaksiyasında redaktor (1965–1968), "Gənclik" nəşriyyatında baş redaktor (1968–1970), "Mozalan" satirik jurnalında baş redaktor (1970–1971) olmuşdur.
1974–1978-ci illərdə Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru işləmiş, sonra "Azərbaycan" jurnalının baş redaktoru kimi çalışmışdır (1978–1983). Azərbaycan Sovet Yazıçıları İttifaqının katibi (1987–1991), "Yazıçı" nəşriyyatının direktoru olmuşdur (1992-ci ildən). Gənc yazıçıların Moskvada keçirilən Ümumittifaq müşavirəsində (1962), Belorusiya, Moldova və Özbəkistanda sovet ədəbiyyatı günlərində və digər tədbirlərdə iştirak etmişdir (1968–1980).
"Ulduz" jurnalı redaksiya heyətinin üzvü (1967–1978), SSRİ Yazıçılar İttifaqı bədii şurasının üzvü (1968–1976) olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin, eyni zamanda "Azərbaycan" və "Drujba narodov" jurnalları redaksiya heyətlərinin üzvü seçilmişdir (1978–1990). Sovet yazıçılarının nümayəndə heyətinin tərkibində Macarıstan, Polşa və Şimali Yəməndə səfərdə, Əziz Nesinin şəxsi dəvətilə Türkiyədə olmuşdur.