Çubuqlu naz
Çubuqlu naz (lat. Genista flagellaris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Qafqazın endemik növüdür. Böyük Qafqaz dağlarında, aşağı qurşaqda, quru dağ yamaclarında bitir.
== Botaniki təsviri ==
Uzunluğu 15-30 sm, qalınlığı 2 mm olan, nazik və zəif budaqlı kollardır. Yarpaqları uzunsov, ensiz-neştərvari, 15x1-2 mm, yarpaqaltlıqları çox xırdadır. Çiçəkləri sarı, qısa saplaqlı, kasacığı yapışıq, tükcüklü, pərləri xətvari-neştərvari, qalxanı enli yumurtavari, 10x8 mm, apeksi yumru, bünövrəsi ürəkvaridir. Paxlaları yapışıq, tükcüklü, xətvari-uzunsov, 18-22 x 4 mm-dir.
== Ekologiyası ==
İşıqsevən bitkidir, xüsusən daşlı-qayalı yerlərdə əkilmək üçün qiymətlidir. Torpağa tələbkar deyildir.