Nival subnival landşaft
Nival subnival landşaft — Bu landşaft tipi Böyük Qafqazın cənub yamacında 3200-4400 m-lik mütləq yüksəklik diapazonunda olan uca dağların suayrıcı xətti boyu dar zolaq şəklində uzanan əraziləri əhatə edir.
Əsasən mütləq yüksəkliyi 3500 m-dən çox olan Bazardüzü (4466 m), Tufandağ (4106), Çorundağ (4079 m), Məlkəmud (3879 m), Quton (3608 m), Çuxadurmaz (3572 m) kimi dağ zirvələrində formalaşan bu landşaft kompleksinin ümumi sahəsi 390 kvadrat kilometr olub,Azərbaycan daxilində Böyük Qafqazın cənub yamacının 11,1%-ni təşkil edir.
Relyefin böyük nisbi və mütləq yüksəkliyi və sərt iqlim şəraiti nival-subnival qurşaqdakı landşaftların formalaşması və inkişafında əsaslı rol oynayır. Fiziki aşınma, şaxta aşınması,qravitasiya, eroziya-denudasiya, soliflükasiya kimi müxtəlif proseslərin böyük potensial enerji ehtiyatları burada landşaftların daha çox dinamikliyinə şərait yaradır.
Bundan başqa sərt relyefə və davamiyyətli qar örtüyünə malik olan bu landşaftlar bəzi yerlərdə buzlaq sahələrinə çox yaxın olduğundan burada kimyəvi elementlərin hipergen miqrasiyasını öyrənmək hələlik mümkün deyildir.
Lakin əldə etdiyimiz faktiki göstəricilər bu landşaftlarda ekoloji-geokimyəvi şəraitin ümumi cəhətləri haqqında müəyyən təsəvvürlər yaratmağa imkan verir.
Yüksək dağlığın nival-subnival landşaft qurşağı Böyük Qafqazın cənub yamacı ərazisindəki dik və uçurumlu-qayalı dağ yamaclarını, düzəlmə səthlərini, aşınma prosesləri nəticəsində formalaşan ufantı konuslarını və s. bu kimi bir sıra elementar landşaftları əhatə edir. Dağ yamaclarında tez-tez ufantı konuslarına, uçqunlara, qaya çıxıntılarına təsadüf edilir.Dik və uçurumlu yüksək dağ yamaclarında yayılmış ufantı konusları, buzlaq və qar örtüyünün yaratdığı relyef formaları (karlar, sirklər, morenlər) və yarğanvari çay dərələri geniş əraziləri əhatə edir. Digər landşaftlardan (alp çəmənliyi və meşə landşaftlarından) fərqli olaraq nival-subnival landşaftlarda dağ süxurlarının maddi tərkibi və geokimyəvi xüsusiyyətləri kimyəvi elementlərin hipergen miqrasiyasına daha çox təsir göstərir.