Nohur gölü
Nohur gölü və ya Nohurqışlaq su anbarı — Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. 1949-cu ilə kimi təbii göl kimi mövcud olan Nohur gölünün ətrafı sıx qamışlıq və su bitkiləri ilə örtülü bataqlıq, mərkəzi hissəsindəki dərin çuxurluqda isə sarı-yaşıl rəngdə suyu olan göl yerləşirdi. 1949-cu ildə bu gölün cənub hissəsində — Güllü burun dağı ilə Yumuru dağ arasında uzunluğu 850 m, hündürlüyü 8–10 m, eni 4–6 m olan torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. Su anbarının hazırda uzunluğu 1925 m eni 1355 metr, sahəsi 240 hektardır. Maksimum dərinliyi 24 m-ə, suyunun həcmi isə 16 milyon m³-ə çatır.
Nohurqışlaq su anbarına Dəmiraparan (70%) və Vəndam (30%) çaylarının suyu axıdılır. Nohurqşılaq su anbarı qeyd olunan çayların suyunu tənzimləməklə yanaşı Qəbələ, Ağdaş, Göyçay və Ucar rayonlarının təsərrüfatlarının suya olan təlabatını ödəmək məqsədi daşımasına görə mühüm əhəmiyyət kəsb edir. Digər tərəfədən əhalinin sıx məsgunlaşıdığı bölgə, Qəbələ İsmayıllı – Bakı avtomabil yolunun kənarında yerləşən bu sututar yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Nohurqışlaq su anbarından göl balıqçılarının (akvakultura) və idmanın (avarçəkmə) inkişaf etdirməsi baxımından da əhəmiyyəti böyükdür. Hazırda su anbarının şimal, cənubi qərb və şərq sahillərində istirahət zonaları fəaliyyət göstərir.