Nohurqışlaq su anbarı

Nohur gölü
Ölkə  Azərbaycan
YerləşməsiQəbələ, Nohurqışlaq
Uzunluğu1,925 m
Eni1,355 m
Sahəsi2.400 m²
Həcmi0,016 m³
Nohur gölü (Azərbaycan)


Nohur gölü və ya Nohurqışlaq su anbarı — Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir.[1] 1949-cu ilə kimi təbii göl kimi mövcud olan Nohur gölünün ətrafı sıx qamışlıq və su bitkiləri ilə örtülü bataqlıq, mərkəzi hissəsindəki dərin çuxurluqda isə sarı-yaşıl rəngdə suyu olan göl yerləşirdi. 1949-cu ildə bu gölün cənub hissəsində — Güllü burun dağı ilə Yumuru dağ arasında uzunluğu 850 m, hündürlüyü 8–10 m, eni 4–6 m olan torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. Su anbarının hazırda uzunluğu 1925 m eni 1355 metr, sahəsi 240 hektardır. Maksimum dərinliyi 24 m-ə, suyunun həcmi isə 16 milyon m³-ə çatır.

Nohurqışlaq su anbarına Dəmiraparan (70%) və Vəndam (30%) çaylarının suyu axıdılır. Nohurqşılaq su anbarı qeyd olunan çayların suyunu tənzimləməklə yanaşı Qəbələ, Ağdaş, Göyçay və Ucar rayonlarının təsərrüfatlarının suya olan təlabatını ödəmək məqsədi daşımasına görə mühüm əhəmiyyət kəsb edir. Digər tərəfədən əhalinin sıx məsgunlaşıdığı bölgə, Qəbələ İsmayıllı – Bakı avtomabil yolunun kənarında yerləşən bu sututar yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Nohurqışlaq su anbarından göl balıqçılarının (akvakultura) və idmanın (avarçəkmə) inkişaf etdirməsi baxımından da əhəmiyyəti böyükdür. Hazırda su anbarının şimal, cənubi qərb və şərq sahillərində istirahət zonaları fəaliyyət göstərir.

Bəzən sərt keçən qış aylarında Nohur gölün səthi tamamilə buz bağlayır. 1953-cü ilin qışında gölün səthindəki buz örtüyünün qalınlığı 40–50 sm.-ə çatırdı. Bundan istifadə edən yaxınlıqdakı Nohurqışlaq kəndinin əhalisi canlı qüvvə və texnikanın gücü ilə üzərindən keçməklə gölün şimalındakı göy dağdan oduncaq və tikinti materialları daşıyıb gətirmişlər. Nohurqışlaq su anbarının səthinin tamamilə buzla örtülməsi halı 2007–2008-ci ilin qışında da təkrar olunmuşdur.[2]

"Nohur gölü" əfsanəsi

[redaktə | mənbəni redaktə et]

"Nohur gölü" əfsanəsini[3] Rəşid bəy Əfəndiyev toplayıb dərc etdirmişdir. Əfsanədə deyilir ki, Qəbələ yaxınlığında olan bir gölün altından insan, inək, qoyun səsləri gəlir. Guya vaxtilə bura kənd olmuş, sonra bu kənd yerin təkinə çökmüş, üzərində isə göl yaranmışdır. Örnəkdə daha sonra göstərilir ki, kəndin sakinlərindən birisi qızı ilə yaxınlıq etdiyi üçün kəndin başına belə bir fəlakət gəlmişdir. Ona görə də camaat oraya Nohur gölü adını vermişdir. Önəmli əxlaqi dəyər və tərbiyəvi fikir aşılayan bu əfsanədə eyni zamanda xalq təfəkküründə formalaşmış yer adının məna çaları açıqlanmışdır. Əfsanənin başqa bir variantında isə padşah qızı Nohurla kasıb ailə həyatı sürən Dəmirçioğlunun məhəbbətindən danışılır. Həmişə oğlan paltarı geyib döyüşən Nohur "kim mənə qalib gəlsə ona da gedəcəm" fikri ilə öz gələcək butasını gözləyir. Nəhayət, Dəmirçioğlu ilə qarşılaşıb döyüşür. Dəmirçioğlu vuruşduğu şəxsin Nohur olduğunu bildikdən sonra öz sevgilisini tapdığını anlayır. Lakin qızın atası bu sevgiyə mane olur, adamlarını göndərib Dəmirçioğlunun başını kəsdirir. Bu faciəli hadisə qızı sarsıdır və əfsanə belə yekunlaşır: Nohurun gözlərindən axan yaşdan böyük göl yaranır. Qız öz göz yaşları içərisində batıb boğulur. "Adamlar bu saf məhəbbəti unuda bilmirlər, göz yaşlarından əmələ gələn gölü "Nohur" adlandırırlar".[4]

  1. "VAHİD MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA PORTALI". yasamal.cls.az. 2019-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2017.
  2. [1] Arxivləşdirilib 2021-01-27 at the Wayback Machine/
  3. Р.Эфендиев. Озеро Ноур. СМОМПК, Выпуск 7. II, Тифлис: 1889, стр.71–72.
  4. Azərbaycan folkloru antologiyası (AFA). IV kitab. Şəki folkloru. Tərtib edənlər: H.Əbdülhəmidov, R.Qafarlı, O.Əliyev, V.Aslan. Bakı: Səda, 2000, s.125–128.