Oliqopoliya
Oliqopoliya — bazarın elə bir növüdür ki, bu cür bazarlarda sadəcə bir neçə dominant (üstün) firma fəaliyyət göstərir. Bu firmaların hər biri bazarda xeyli yer tutur və qiymətin yaranması prosesinə təsir edə bilir. Oliqopoliyanın xüsusi forması — əgər bazarda sadəcə iki firma olarsa — duopoliya adlanır. Başqa sözlə, oliqopoliya, eyni fəaliyyət sahəsində bir-birinə təsir edəcək qədər az sayda firma qarşısında çox sayda alıcının olduğunu ifadə edir.
Qərar alma müddətində bir firmanın eyni fəaliyyət sahəsindəki digər firmaların qiymət, miqdar, reklam, dəyər və digər tətbiq etmə sahəsində fəaliyyətləri bir-birindən xəbərsiz və müstəqildirsə, bu, oliqopoliya anlayışını ifadə etmir. Bir bazarın oliqopolik bir bazar quruluşlu olması üçün bəzi şərtlər vardır. Bu şərtlər, eyni fəaliyyət sahəsində fəaliyyət göstərən firmaların qarşılıqlı təsiri ilə digər bazarlardan fərqlənməsinə səbəb olan şərtlərdir.
Oliqopolik bazarda fəaliyyət göstərən firmaların bir-birilə qarşılıqlı təsir əlaqələrinin olması vacibdir. İstər iş birliyi, istərsə də, rəqabət baxımından bir firmanın həyata keçirdyi davranışın və almış olduğu qərarların digər firma tərəfindən təqib edilməsi və dəyərləndirilməsi vacibdir. Belə olmadığı halda oliqopoliyadan danışmaq yersizdir.