Partav
Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər dağıdılıb.
460-cı illərdə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən əsası qoyulub və Albaniyanın paytaxtı olaraq Kabalakanı əvəz edib. VII əsr atlası Aşxaratsuyts onu Utik vilayətinin tərkibində göstərir. 552-ci ildə Partav Alban Həvari Kilsəsinin mərkəzinə çevrilir. Bərdə X əsrdə Nestorian kilsəsinin Arran yepiskopluğunun mərkəzi olmuşdur.
Musa Kalankatlı Cavanşir tərəfindən Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: “Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi....” Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır.
İlkin salnaməyə görə 944-cü ildə ali liderləri I İqor olan ruslar Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdikdən sonra və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər. İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular.