Çöküntülər (geologiya)
Çöküntülər (geoloji) — fiziki, kimyəvi və bioloji proseslər nəticəsində çökən, hələ sonrakı dəyişilmələrə məruz qalmamış və müasir çöküntü toplanma zonasının səthində yatan məhsullar (qum, lil, sapropel)
Subakval çöküntülərdən başqa bunlara küləyin, buzun və başqa amillərin fəaliyyəti və aşınma prosesləri nəticəsində bilavasitə qurunun səthində toplanan məhsullar da aiddir. Dəyişilməyə məruz qalmamış, lakin qədim çöküntü qatlarının tərkibində olan çöküntülərə (məsələn, qumlar, gillər) süxur kimi baxılmalıdır. Süxurları (o cümlədən sementləşməmiş süxurlar) "çöküntü" adlandırmaq olmaz. Qədim çöküntü süxurlar arasında bir sıra çöküntü analoqları məlumdur. Bu isə müasir çöküntülərə aid olan məlumatlardan litoloji və fatsial tədqiqatlar üçün müqayisəli şəkildə istifadə etməyə əsas verir.
Çöküntülərin sıxlaşması — diagenez və katagenezdə çöküntülərin qalınlığının azalması. Çöküntülərin sıxlaşması prosesi çöküntülərin həcm çəkisinin artması ilə müşayiət olunur. Gilli, gilli-alevritli və qumlu-gilli çöküntülərin sıxlaşma qabiliyyəti daha yüksəkdir və molluska qabıqlarının və lilyeyənlərin hərəkət izlərinin basılıb yastılaşması və sıxlaşması kimi əlamətlərə görə asanlıqla aşkar edilir. Silisiumlu çöküntülərin sıxlaşması sinerezis nəticəsində yaranır və bu da bəzən çöküntülərdə olan iri qabıqların deformasiyaya uğramasına səbəb olur. Karbonat süxurlarda, yenidən kristallaşma ilə müşayiət edilən sürətli daşlaşma prosesi getdiyinə görə sıxlaşma qabiliyyəti ən aşağı olur.