PROTESTANTLAR

Orta əsrlərdə Qərbi Avropada yeganə rəsmi din katolisizm idi. Hamı tərəfindən qəbul olunmuş doktrina ilə razılaşmayanlar kafir elan edilirdilər. Ancaq 1517-ci ilə qədər Avropada heç bir kafir cərəyan ayaq tuta bilməmişdi.

Həmin il alman rahibi Martin Lüter dini doktrinadakı bir çox məsələlər barədə kilsə ilə açıq mübahisəyə başladı. Alman knyazları da bəzi siyasi səbəblər üzündən Lüteri dəstəkləmək qərarına gəlmişdilər.

Bütün bunların nəticəsində bir neçə ildən sonra yeni doktrina (lüteranlıq) vətəndaş müharibəsini reallığa çevirə biləcək qədər qüvvətləndi. O illər Almaniya imperatoru V Karl idi.

1526-cı ildə lüteran-şahzadələr özünümüdafiə məqsədilə ittifaqa girərək imperatoru müəyyən güzəştlərə getməyə vadar etdilər. Ancaq 1529-cu ildə Şpayer şəhərində (Reyn çayı üzərində) bir çox yüksəkvəzifəli şəxslərin yığıncağında Karl lüteranlara qarşı sərt mövqe tutdu. Qəzəb içində olan bir qrup lüteran-şahzadə dərhal imperatorun hərəkətlərinə etiraz (protest) olaraq sənəd tərtib etdi. Bu sənədi imzalayanları elə həmin andan protestant adlandırmağa başladılar. (Ayzek Azimov. Sözlərin tarixi)

PROTEROZOY
PROTESTANTLIQ