Qərmətilərin İraqa yürüşü
Qərmətilərin İraqa yürüşü — Bəhreyn qərmətilərinin Abbasilər xilafətinin paytaxt bölgəsi İraqa 927-ci ilin payızında başlayan və 928-ci ilin yayına qədər davam edən genişmiqyaslı basqını.
Bu yürüş əvvəlki illərdə həcc karvanlarına edilən bir sıra dağıdıcı basqınlar, eləcə də Bəsrə və Kufənin yağmalanmasından sonra yaranan gərginliyin kulminasiya nöqtəsi idi. Bu basqınlar qərmətilərə müqavimət göstərməkdə aciz qalan Abbasi hökumətindəki ümumi siyasi nasazlıq fonunda baş vermiş, Bağdadda siyasi gərginliyi artırmış və vəzir ibn Fəratın edamına səbəb olmuşdur.
927-ci ilin oktyabr və ya noyabr ayında qərmətilərin rəhbəri Əbu Tahir Cənnəbi İraqa yürüş etmək üçün tərkibi 2,300 nəfərdən çox olmayan bir qüvvəyə rəhbərlik etmişdir. Qərmətilər dekabrda Kufəni tutmuş və Azərbaycanın əsir götürülən yarımmuxtar əmiri Yusif ibn Əbu Sac xeyli böyük ordusunu məğlub etmişdilər. Qərmətilər daha sonra şimaldan Fərat çayı boyunca Bağdada doğru hərəkət etməyə başlamış, nəticədə paytaxtda burada geniş çaxnaşma baş tutmuşdur. Təhlükəyə qarşı çıxmaq üçün 40 mindən çox qoşun toplanmış, lakin Abbasi sərkərdələri Munis Müzəffər və Əbülheycə Həmdani döyüşdən yayınmış, əvəzində Bağdad yaxınlığındakı körpüləri və kanalları dağıdaraq qərmatilərin irəliləməsinə mane olmuşdular. Baş verən daşqın nəticəsində qərmatilər 7 yanvar 928-ci il tarixində Bağdad yaxınlıqlarında irəliləməyə son qoymuş, daha sonra Fəratın digər tayına çəkilərək Şimali Mesopotamiyaya doğru hərəkət etmiş, burada bölgəni yağmalamış və sakinləri əsir götürmüşdülər. Müqavimətlə qarşılaşmayan qərmətilər 928-ci ilin yayında Bəhreynə qayıtmışlar. Yürüş Kufədə qərməti simpatizanları olan Bəqliyyə üsyanına səbəb olmuşdur, lakin bu üsyan Abbasi qüvvələri tərəfindən yatırılmışdır.