Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Qərmətilər — İsmaililiyin Fatimi xəlifələri qəbul etməyib, İsmayıl ibn Cəfərin oğlu Məhəmməd ibn İsmayıl əş-Şakiri yeddinci, sonuncu imam olaraq qəbul edən və Yeddiçilər olaraq da tanınan təriqət dövləti.
Onlar hicri III əsrdə üsyan qaldıraraq Abbasilər xilafətini kökündən sarsıtmışlar. Təriqətin başçısı Kufə şəhərinin yaxınlığındakı Dur kəndindən olan və daha çox "Qərmət" ləqəbi ilə tanınmış Həmdan ibn Əşəs idi.
Qərmətilik təriqətinin yaranma tarixi Abbasi xilafətində ismaili təbliğatının fəallaşması dönəmindən başlanır. Tanınmış ismaili təbliğatçısı Hüseyn Əhvazi İraqa gələrək orada ismaililiyi qəbul etmiş Həmdan ibn Əşəslə (Qərmətlə) tanış olmuşdur. Hüseyn Əhvazi öləndən sonra Həmdan Qərmət onun yerini tutmuşdur. O, Kufə şəhəri və onun ətrafında yaşayan tərəfdarları üçün hərəkatın mərkəzini yarada bilmiş və xilafətin müxtəlif vilayətlərinə təbliğatçılarını göndərmişdir. Onların ən tanınmışlarından biri qərmətiliyin ideoloqu Əbdan idi. Təriqətin başqa tanınmış təbliğatçıları isə, hicrətin 289-cu ilində qərmətilər qiyamına başçılıq etmiş Zikrəveyh ibn Mihrəveyh və Əbül-Fəvarizdir. İlk əvvəl qərmətilər ismailiyi təbliğ etsələr də sonra onlarla bütün əlaqələrini kəsmişlər.
Qərmətiliyin tərəfdarları öz ideyaları uğrunda böyük məbləğdə maddi sərvət xərcləyərək, silah alar, yoxsullaşmış xalqı öz tərəflərinə çəkərdilər. Onlara qoşulanlar soyğunçuluqdan əldə edilmiş qənimətlərdən pay alardılar. Xalqın bu ifratçı hərəkata axınının başqa səbəbi isə insanların hədələrlə üzləşməsi və həyatlarının təhlükədə olması idi.
Təriqətin dini ideologiyası Fatimi ismaililərinin meydana gəlməsindən əvvəlki Batiniyyənin dini-fəlsəfi dünyagörüşü ilə paralellik təşkil edir. Çünki Qərmətilikdə də "nur" məfhumu əhəmiyyətli yeri tutur. Onlara görə uca və tək olan Allahın zatı "şaşani nur" ilə "qahir nur"un südur etdiyi ülvi nurdan ibarətdir. Qahir nurdan külli ağıl və kainatın nəfsi yaranmışdır ki bu da peyğəmbər, imam və seçilmiş şəxslərin ağıllarının mənbəyi sayılır. Şaşani nur isə ikinci dərəcəli olub fələklərə və yerdəki cisimlərə görüntü verir, yaxud maddəni formalaşdırır. Qərmətilətə görə vəhyi Həzrət Məhəmmədə (s) Cəbrayıl gətirməyib, o, külli ağlın təsirindən yaranmışdır. Yəni Quran külli ağıldan gələn məlumatların Rəsulullahın (s) dili ilə səslənməsindən əmələ gəlmişdir. Məhz buna görə təriqət mənsubları Qurani-Kərimin Allahın kəlamı olmasını məcazi mənada başa düşmüşlər.
Onların doktrinasında dinin tarixi bəşəriyyətin yaranmasından etibarən kəşf, fətrət və sətr adlanan mərhələnin daxil olduğu yeddi pilləli dövr keçmişdir. Doktrinaya görə kəşf dövründə yaxşılıq hakim olduğundan zahiri şəriətə ehtiyac duyulmamış, yalnız batini şəriət mövcud olmuşdur. Fətrət adlanan ikinci dövrdə isə yaxşılıq insanlar üzərində öz gücünü itirdiyindən batini şəriətin davamlılığı kəsilmişdir. Sətr dövründə isə Həzrət Peyğəmbər (s) vəhy vasitəsilə şəriəti yenidən ortaya qoymuş və batini anlayışı müəyyən edən vasisini (özündən sonra rəhbər) təyin etmişdir. Qərmətiliyə görə "son dövrdə" imamlar gizli qalmalıdırlar. Onlar lazım olan vaxtda ortaya çıxıb əvvəlki şəriəti ləğv edərək, yeni kəşf dövrünün başlanğıcına təkan verəcəklər. Bu dövrlər ruhların maddədən qurtularaq külli nəfsə dönəcəyi zamanadək təkrarlanacaqdır.
Qərmətilərin həmçinin özlərinə xas Cənnət və Cəhənnəm məfhumları var imiş; bu, müəyyən mənada tənasüx inancını xatırladırmış.
Təriqət mənsubları gündə iki dəfə — Günəşin doğmasından əvvəl və batmasından sonra ikirükətlik namaz qılarmışlar. Namaz vaxtı hər rükətdə Əhməd ibn Məhəmməd ibn Hənəfiyyəyə nazil olduğuna inandıqları "İstiftah" surəsini oxuyar və qiblə üçün üzlərini Qüdsdəki Beytül-maqdisə tutarmışlar. Orucu yalnız ildə iki dəfə, Novruz və Mihrican bayramlarında saxlayarmışlar. Bəzi rəvayətlərdə Əbu Səid əl-Cənnabinin dövründən etibarən hətta namaz və orucu tamamilə tərk etdikləri bildirilmişdir. Zəkatı isə imamın haqqı kimi qəbul etdiklərindən, ildə bir dəfə müəyyən miqdarda ödəyərmişlər. Yəni gəlirlərin dövlət tərəfindən istifadə olunmayan hissəsinin beşdə birini hər il mehdi üçün ayırıb dövlət xəzinəsinə verərmişlər.
Qərmətilikdə Həcc ibadəti də özünəməxsus idi. Onu zahiri və batini olaraq iki növə bölərmişlər. Zahiri həcc hər kəsin etdiyi, batini anlamda icra olunan həcc isə imamı ziyarət mənasına gələrmiş. Təriqət mənsubları içkini halal sayıb, azı dişli heyvanların yeyilməsini haram sayırmışlar.
Tarixi dövr ərzində qərmətilər arasında birliyin olmaması onların sonralar bir neçə təriqətə bölünməsiylə nəticələnmişdir. Məsələn, Həmdan Qərmət və İraqın cənubunda fəaliyyət göstərən Zikrəveyh arasında hərəkata kimin başçılıq etməsi üstündə münaqişə baş vermişdi. Zikrəveyh qərmətilərin yeganə rəhbəri olmaq üçün Qərməti öldürmək istəmişdi. Lakin xəlifə Mütədid-Billah ona qarşı hərbi əməliyyatlara başladığından qaçıb canını qurtarmışdı.
Sonra onun tərəfdarları bir-birinin ardınca iki oğlunun rəhbərliyi altında Suriyaya yollanmışdılar. Xəlifə Mütədid-Billah qərmətilərə və ismaililərə qarşı hərbi əməliyyatları genişləndirərək, təkcə İraqın cənubunda deyil, Xilafətin başqa əyalətlərində də onlara ağır zərbələr endirmişdir. Hətta ismaililərin mərkəzi olan Sələmiyyədə də təqiblər gedirdi. Buna görə də hər iki təriqətin nümayəndələri gizli fəaliyyətə üstünlük verirdilər.
Belə təqiblər nəticəsində hər iki oğlunun məğlubiyyətə uğradığını görən Zikrəveyh hərəkata özü başçılıq etmək qərarına gəlmişdi. Sədaqət andını içdikdən sonra onun rəhbərliyi altında olan silahlı dəstələr Süriyaya hücumlar edərək çoxlu cinayətlər törətmişdilər. Nəhayət, hicrətin 310-cu ilində Zikrəveyh xilafət ordusu tərəfindən məğlubiyyətə uğradılaraq həbs edilmiş və edam olunmuşdu. Bu olaylar nəticəsində qərmətilər İraq və Süriyadan geri çəkilmək məcburiyyətində qalmışdılar. Bundan başqa qərmətilər Əbu Səid Cənnabinin rəhbərliyi altında Bəhreyn adasında da möhkəmlənə bilmişdilər. Hicrətin 301-ci ilində onun ölümündən sonra bəhreynli qərmətilərə oğlu Səid başçılıq etmiş, sonra onu qardaşı Əbu Tahir Süleyman devirmişdir. Əbu Tahir Süleyman Xilafətin başqa əyalətlərinə də yürüşlər etməyə başlamışdı.
Hicrətin 311-ci ilində Bəsrə, 313-cü ilində isə Kufə bəhreynli qərmətilər tərəfindən ələ keçirilmişdi. Bu şəhərlərdə də dinc əhaliyə qarşı kütləvi cinayətlər törədilmişdi. Hicrətin 316-cı ilində qərmətilər xəlifə Müqtədinin ordusunu məğlub etdikdən bir il sonra isə Məkkəni ələ keçirə bilmişdilər. Orada onlar çoxlu zəvvarı öldürərək cəsədlərini Zəm-zəm quyusuna atmışdılar. Daha sonra qərmətilər Qara daşı Kəbənin divarından çıxarıb aparmışdılar. Qara daş 22 il ərzində, yəni hicrətin 339-cu ilinə qədər onlarda qalmışdı.
Bütün bu "uğurlara" baxmayaraq, qərmətilərin birliyi pozulmuş, onların zəifləmələrinə gətirib çıxaran çəkişmələr başlamışdı. Hicrətin 323-cü ilində Əbu Tahir Süleymanın ölümündən sonra onun qardaşları Əbül-Qasım Səid, Əbül-Abbas Əhməd və Əbu Yaqub Yusif qərmətilərə başçılıq etmişdilər. Hicri IV əsrin ortalarında qərmətilər Misirə hücum etsələr də orada hakimiyyətdə olan İxşidilər tərəfindən məğlub edilmişdilər. Təqribən eyni vaxtda Ümmanda qərmətilərin hakimiyyətinə son qoyulmuşdu.
Bu hadisələrdən sonra qərmətilər daha da zəifləyərək hakimiyyətlərini yalnız Bəhreyndə və qismən Yəmamədə saxlaya bilmişdilər. Qərmətilərin zəifləməsindən istifadə edən Səlcuqlar, Abbasi xəlifələri və Qəznəvi sultanları onlara sarsıdıcı zərbələr endirmişlər. Hadisələrin bu cür inkişafı qərmətilər təriqətinin tarix səhnəsindən silinməsi ilə nəticələnmişdir.