Elm (qəzet)
"Elm" (qəzet) — Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı.
Qəzet Azərbaycan və rus dillərində, 2000 tirajla, həftəlik nəşr edilir.
Elm qəzeti 1984-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin, Partiya Komitəsinin, Birləşmiş Həmkarlar Komitəsinin və Komsomol Komitəsinin mətbu orqanı
kimi yaradılıb. Qəzet "Kommunist" qəzetinin mətbəəsində nəşr olunmağa başlayıb.
Qəzetin ilk saylarında "Kəşflər və ixtiralar", "Elm və istehsalat", "Azərbaycan alimi xaricdə", "Elm və texnika yenilikləri", "Yeni əsərlər" kimi rubrikalar olub. Qəzetdə alimlərin yazılarına, onların elmi tədqiqatların nəticələrinə, fəaliyyətlərindəki yeniliklərə yer ayrılır.
Qəzet 1984-cü ildən iki dildə, Azərbaycan və rus dillərində nəşr edilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı kimi çap olunur. Qəzetin redaksiya heyəti AMEA Rəyasət Heyətinin binasında yerləşir. 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.