Hümmət (qəzet)

"Hümmət" qəzetiAzərbaycan dilində ilk qeyri-leqal qəzet, sosial-demokrat "Hümmət" təşkilatının orqanı.

"Hümmət" (qəzet)
Məsul redaktorlar
  • N.Nərimanov
  • S.M.Əfəndiyev
  • T.A.Şahbazi
  • D.Bünyadzadə
  • M.S.Ordubadi
Yaranma tarixi 1904-1905, 1917-1918, 1919-1920
Dil Azərbaycan dili, Rus dili
Şəhər Bakı, Həştərxan
Ölkə Azərbaycan, Rusiya Federasiyası

1904-cü ildə Məhəmməd Əmin Rəsulzadənin, M.Ə.Əzizbəyovun, N.Nərimanovun, S.M.Əfəndiyevin, P.A.Çaparidzenin bir araya gəlməsi ilə yaradılan "Hümmət" qrupu sosial-demokrat ideyasının daşıyıcıları olaraq nəşriyyat işini təşkil etməyə başladılar. Qrup vərəqələr və intibahnamələr buraxılmasına, onların əhali arasında yayılmasına çalışırdılar.

1904-cü ilin oktyabrında "Hümmət"çilər ilk sosial-demokrat nəşri olan Azərbaycan dilində gizli şəkildə "Hümmət" qəzetini nəşr etməyə başladılar.[1] "Hümmət" qəzeti S.M.Əfəndiyevin və M.Mirqasımovun rəhbərliyi ilə nəşr olunurdu. Qəzet 1904-cü ilin sonlarından 1905-ci ilin fevralına qədər Bakıda nəşr olunmuşdur. Cəmi 6 nömrəsi çıxmışdır. 1905-ci il fevralın ortalarında "zərərli istiqamətinə görə" polis tərəfindən qəzetin mətbəəsi dağıdılmış, qəzetin nəşri dayandırılmış və bəzi əməkdaşları isə həbs edilmişdir.

"Hümmət"in səhifələrində inqilabi ideyalar yayılırdı. Qəzetin səhifələrində mütləqiyyətə qarşı mübarizəyə həsr olunmuş materiallar verilir, zəhmətkeş qadınları kapitalın əsarətindən azad etmək zərurəti haqqında fikir yürüdülür, xalqdan uzaq düşmüş və "qara camaatın" məişətini və dilini bilməyən ziyalılar töhmətləndirilir, ruhanilər ifşa edilirdi. Bu mətbuat orqanının fəaliyyəti Rusiyada üç inqilab dövrünü, Azərbaycanın sovetləşməsi illərini əhatə edir. "Hümmət" təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində türkdilli xalqlar içərisində sosial-demokratların ilk mətbu orqanıdır.

"Hümmət”in yaranması, formalaşması ilk jurnalistpublisistlərinin kimliyi hələlik tam şəkildə müəyyənləşdirilməyib. Çünki qəzetin 1904-1905-ci il nüsxələri hələlik araşdırmaçılara bəlli deyil. Mətbuat tariximizə "Hümmət”in birinci nömrəsinin başlığının surəti, üçüncü sayının materiallarından yalnız biri bəllidir. Qəzetin ilk sayının başlıq hissəsində Azərbaycan və rus dillərində nəşr tarixi göstərilmişdi: "1904-cü ilin oktyabrı”. Hektoqraf üsulu ilə çap olunan qəzetin adı üzərində də məxsusi olaraq dayanmaq, onun ideya-siyasi istiqamətini müəyyənləşdirmək olar. Bu qəzetin "Hümmət” Partiyasının mərkəzi mətbuat orqanlarından biri kimi adının məxsusi siyasi əhəmiyyəti var. İnqilabdan əvvəlki nəşrlər proletar beynəlmiləlçiliyin prinsiplərinə uyğun olaraq "Bütün ölkələrin proletarları birləşin” şüarı altında nəşr olunurdu. Qəzetin ideya müəllifləri bu şüarın Azərbaycan variantını atalar sözü olan "Kişilərin birliyi dağı yerindən oynadar” şüarı ilə əvəzlədilər. Bu xalq məsəlinin digər qarışığı da dilimizdə qorunur: "El bir olsa, dağ oynadar yerindən”, yaxud "El gücü, sel gücü” və s. "Hümmət” ərəb sözüdür və Azərbaycan dilində "qeyrət”, "birlik”, "şücaət” mənasını bildirir”.

1917-1918-ci illər

[redaktə | mənbəni redaktə et]

Birinci Rus inqilabı ərəfəsində və inqilabın ilk aylarında "Hümmət"in gizli 5-6 sayı, 1917-ci ilin iyun ayının 3-dən 1918-ci ilin iyul ayının sonlarınadək 113 nömrəsi çap olunmuşdur. "Hümmət" qəzetinin ideya-siyası istiqamətinin müəyyənləşməsində, formalaşmasında XX əsr Azərbaycan tarixində, millətin taleyində böyük rolu olan, yaşadığı zamanda və ölümündən sonra ağır tənələrin, bəzən isə hədsiz təriflərin ünvanı olan Nəriman Nərimanovun böyük rolu, xidmətləri var.

1917-ci ilin iyun ayının əvvəlində "Hümmət" Partiyasının Təşkilat Komitəsi N.Nərimanovun rəhbərliyi ilə əməli tədbirlər planı işləyib hazırladı ki, bunlardan biri də "Hümmət" qəzetinin nəşrinin bərpa məsələsi idi. İclasda N.Nərimanovdan, S.M.Əfəndiyevdən, T.A.Şahbazidən ibarət redaksiya heyəti təşkil edildi. Qəzetin redaktoru Nərimanov, katibi isə Tağı Şahbazi təsdiq olundu və "Turan" mətbəəsində çapı planlaşdırıldı. Sonralar həmin günü xatırlayan T.Şahbazi yazırdı ki, çox işlərdən sonra 1917-ci il iyulun 3-də "Hümmət"in ilk nömrəsini çıxarmaq mümkün oldu. Qəzet "Hümmət" təşkilatının orqanı kimi yenidən fəaliyyət göstərdi.

Qəzetin adı "Hümmət" Təşkilatının Mərkəzi Komitəsində müzakirə edildi. "Yoldaş", "Hümmət", "Təkamül" adları təklif edildi, lakin komitə təşkilatın adlandığı "Hümmət"in üzərində durdu. Nəriman Nərimanov qəzetin məram və məqsədləri barəsində ilk bərpa sayında yazırdı:

" "Hümmət" qəzetəsi fəhlə və zəhmətkeşlərin hüququnu müdafiə edərkən, Rusiya müsəlmanlarına bu inqilab zamanında doğru yol göstərməyi də öz vəzifələrindən biri kimi bilir. Yolumuz artıq dərəcədə tikanlı, məşəqqətli olsa da, ali, müqəddəs məsləkimiz girdarımızın artmasına səbəb olur. "

"Hümmət" qəzeti qısa bir vaxt ərzində özünə müəyyən oxucu kütləsi yığa bildi, onun nüsxələri Azərbaycanın hüdudlarından xeyli kənara çıxdı. Qəzet Qafqazda, Volqaboyu müsəlman vilayətlərində, Türküstanda geniş yayıldı, hətta İrandaTürkiyədə onun oxucuları vardı.

Qəzetin Həştərxan dövrü

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin may ayının 28-də milli-azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra "Hümmət” Həştərxanda nəşr olunmağa başladı. Zaqafqaziya Müsəlman İşləri Komissarlığının D.X.Bünyadzadənin başçılıq etdiyi nəşriyyat şöbəsi, 1919-cu ilin martın 29-da "Hümmət"in yenidən nəşr olunması, onun onun maddi-texniki bazasının yaradılması, qəzetin ətrafında təcrübəli jurnalistlərin toplanması üçün müəyyən tədbirlər həyata keçirməyə başladı. Komissarlıq 1919-cu il martın 29-da Saritsinə M.S.Ordubadinin adına göndərdiyi məktubda ondan Həştərxana gəlməyi, nəşriyyatın işində yaxından iştirak etməyi xahiş edirdi.

1919-cu ilin mayından yenidən çıxmağa başlayan "Hümmət" əvvəllər Zaqafqaziya Müsəlman İşləri Komissarlığı və Qafqaz Müsəlman Kommunist Təşkilatı "Hümmət"in, 1919-cu ilin noyabrında isə RK Bolşeviklər Partiyası, "Hümmət" təşkilatı Həştərxan Bürosunun orqanı kimi nəşr olunurdu. Qəzet həftəlik nəşr olunmağa başladı. İlk vaxtlar qəzetə D.Bünyadzadə redaktorluq edirdi, sonralar bu iş M.S.Ordubadiyə həvalə olundu. "Hümmət"in Həştərxanda nəşri 1920-ci ilin may ayına qədər davam etdi. Burada cəmi 44 nömrəsi çap olunmuşdur. Ümumiyyətlə, "Hümmət”in 163 nömrəsi aşkarlanıb.

Hümmətin varisi və ideya davamçıları

[redaktə | mənbəni redaktə et]

1906-cı ilin dekabrında "hümmət”çilər "İrşad" mətbəəsində Mehdi bəy Hacınskinin adına 1907-ci ilin martına qədər çıxmış "Təkamül" qəzetinin buraxılmasına icazə ala bildilər. Elə həmin ilin avqustundan sentyabrınadək "hümmət”çilər "Yoldaş" qəzetini nəşr etdirdilər. Bu qəzetlər, əslində, "Hümmət”in varisi və ideya davamçıları idi. Məhəmməd Əmin Rəsulzadə, Sultanməcid Əfəndiyev, Məmməd Həsən Hacınski, Məşədi Əzizbəyov və başqaları qəzetin səhifələrində müntəzəm olaraq çıxış edirdilər. Məhəmməd Əmin Rəsulzadə və M.Hacınski öz məqalələrində milli vəhdətə, xalqın öz müqəddəratını təyin etmək hüququ uğrunda mübarizəyə, müsəlman xalq larının birliyinə çağırışa üstünlük verirdilər. Ancaq bu zaman Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi bir qrup ziyalı artıq "Hümmət" təşkilatından uzaqlaşmışdılar.

  • S.M.Əfəndiyev. "Azərbaycan proletariatının inqilabi hərəkat tarixindən" Bakı, 1957, səh.13-14
  • "İskra", "Hümmət" və "Bakinski raboçi"... Şərq qəzetinin rəsmi saytı. 2017-09-15/ 01:19:20
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: 2 cilddə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, s. 432-433
  • Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875-1920), Bakı "Elm və Təhsil", 2009, 172 səh
  • N.N.Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı
  1. "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]