Qaysın Quliyev
Qaysın Quliyev (qaraç.-balk. Къулийланы Шуўаны жашы Къайсын; 19 oktyabr (1 noyabr) 1917 – 4 iyun 1985, Çeqem, Kabardin-Balkar MSSR) — balkar şairi.
== Həyatı ==
Qaysın Quliyev 1917-ci ildə noyabrın 1-də Balkariyanın dağ kəndlərindən olan Yuxarı Çegemdə dünyaya gəlib. Çox erkən, iki yaşı olanda atasını itirib. Hər bir yazdığı şeirdə, xüsusən uşaqlıq illərindən bəhs edən "Çegem poeması"nda əməkçi insanların xeyirxahlığından və igidliyindən söhbət açanda öz valideynlərini də onlardan ayırmayıb. Kəndli ailəsində böyüsə də, onun ədəbiyyata çox böyük marağı olub. Yuxarı Çegem kəndi Kabarda-Balkariyanın paytaxtı olan Nalçik şəhərindən 4–5 kilometr aralıda, mənzərəli bir ərazidə yerləşir. Nalçik isə o illərdə ümumən Qafqazın mərkəzi sayılan Tiflisdən 330 kilometr aralıdır. Qafqaz tarixindən bilirik ki, bura müharibələr meydanına çevrilsə də, neçə-neçə şöhrətli rus yazıçılarının da ilham mənbəyi olub. Lev Tolstoy, A. S. Puşkin, M. Y. Lermontov və digər rus ədibləri Qafqazla bağlı xeyli əsərlər yazıblar.