Qeyri-müsəlman
Qeyri-müsəlman — islam hüququnda və dünyagörüşündə müsəlman olmayanları təsvir etmək üçün istifadə edilən termin. İslam prinsipləri ilə idarə olunan dövlətlərin idarəsi altında yaşayan, islamdan başqa əqidəyə malik olan fərdlər və icmalar həmçinin, zimmilər kimi təsnif edilir.
İslam hüququ ümumiyyətlə dörd dinin mənsublarını "kitab əhli" hesab edir, baxmayaraq ki, imamların fərqli baxışları var. Bunlar xristianlar, yəhudilər, zərdüştilər və sabilərdir. Yenə islam şəriətinin müddəalarına əsasən, "kitab əhli" müsəlman ölkəsində yaşayarsa, onların varlığı və təhlükəsizliyi islam dövlətinin öhdəsində olur və onlara "əhli-zimmət", yaxud sadəcə olaraq zimmi deyilir. Osmanlı torpaqlarında yaşayan qeyri-müsəlmanlar da bu statusda idilər. Bu dörd dini qrupdan zərdüştilərə Osmanlı torpaqlarında heç vaxt rast gəlinməmişdir, sabilər isə demək olar ki, yox idi. Qalan iki qrupdan ən çoxsaylısı xristianlar idi. Yəhudilər xristianlardan daha az olsalar da, onların ölkə daxilində iqtisadi təsiri kifayət qədər böyük olmuşdur. Osmanlı imperiyasında yaşayan qeyri-müsəlmanları din, məzhəb və etnik vəziyyətinə görə aşağıdakı kimi təsnif etmək olar:
Etnik olaraq rumlar, yunanlar, bolqarlar, slavyanlar, albanlar, rumınlar , qaqauzlar, macarlar, polyaklar, qaraçılar, ermənilər, gürcülər, aysorlar, xaldeylər, ərəblər, yəhudilər, qibtilər və həbəşlər qeyri-müsəlman ölkənin bir hissəsini təşkil edirdilər.