Azərbaycanın tarixi qoruqlarının siyahısı
Azərbaycanın tarixi qoruqlarının siyahısı — Azərbaycan Respublikası ərazisində mövcud olan 30 tarixi qoruğun siyahısı. Bunların 18-i tarixi-mədəniyyət, 8-i tarixi-memarlıq , 2-i tarixi-bədii qoruqlardır. Yanardağ və Tuğ həm tarixi-mədəniyyət, həm də təbiət qoruğu olaraq fəaliyyət göstəririr. Qoruqlardan 4-ü Naxçıvan Muxtar Respublikasında, 1-i isə Gürcüstanla mübahisəli ərazidədir. İçərişəhər, Qobustan və Yuxarı Baş qoruqları Ümumdünya irsidir, Atəşgah, Ordubad, Xınalıq və Şuşa qoruqları isə namizəd siyahısındadır.
"Abidə qoruqlarının nümunəvi Əsasnaməsi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına görə qoruq tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, tarix və mədəniyyət abidələrinin, arxeoloji və memarlıq obyektlərinin, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallarının, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan binaların, xatirə yerlərinin, əşyaların yerləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazilər və məskənlərdir. Xüsusi əhəmiyyət kəsb edən arxeoloji, etnoqrafik, memarlıq, şəhərsalma və digər komplekslər Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qoruq elan edilir.