Muxas qülləsi
Muxas qülləsi — Azərbaycanın Oğuz rayonunun Muxas kəndindən 1 km şimalda orta əsrlərə aid (təqribən IX – XIII əsrlər) qüllə.
Muxas qülləsi Muxas kəndinin şimalında, Daşağıl keçidi qarşısında yerləşir. Qüllə şimal, cənub və qərb tərəflərdə düzbucaqlı planda, şərq tərəfdə isə yarımdairəvi olub ərazinin relyefinə uyğunlaşdırılmışdır. Qüllənin hündürlüyü 11,6 metr, divarın qalınlığı hörgünün aşağı hissəsində 1,5 metr, yuxarıda 1 m-dir. Qala divarında hündürlüyü bayır tərəfdən 1,1 metr, içəridən 1,5 metr olan qapı yeri vardır.
Muxas qülləsinin üçqatlı olduğu ehtimal olunur. İkinci qatda mağzal və işıqlandırma üçün pəncərə rolu oynamış, hündürlüyü 1,5 metr, eni 0,6 metr olan açırım vardır. Qüllə çaydaşı və kirəc məhlulu ilə tikilmişdir. 1 x 0,5 x 0,5 metr ölçülü sal daşlar qüllənin künclərində və pəncərə yerlərində istifadə olunmuşdu.
Qüllənin ərazisində aparılmış yoxlama qazıntılar burada 0,5 metr qalınlıqda mədəni təbəqə aşkar edilmişdir.