Qəmbər Hüseynli
Qəmbər Məşədi Muxtar oğlu Hüseynli (16 aprel 1916, Yelizavetpol – 31 iyul 1961, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961), Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Radio Verilişləri komitəsi nəzdində Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri.
Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı.
1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. "Rast"ı, "Şur"u, "Zabul segahı"nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q. Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı.