QƏM Hər dördü matəmdən, qəmdən uçurdu; Xəstə xatirimdə bir həyat qurdu (S.Vurğun); AĞIRLIQ (məc.) [Balaş:] Gülüşcan, mən böyük ağırlıq içindəyəm. Hər günüm bir cəhənnəm əzabıdır (C.Cabbarlı); AĞRI (məc.) Analar ağrıda, bacılar yasda; Qaragün talelər qara libasda (Z.Yaqub); BƏLA Bəladan xali olmaz aləm içrə aşiqi-sadiq (S.Ə.Şirvani); DƏRD, KƏDƏR Onunla yox olardı qəmi, kədəri, dərdi; İndisə tərk edilmiş, rədd olunmuş bir ərdi (Ə.Kürçaylı); DƏRD-QƏM Apardı çaylar məni; Ulduzlar, aylar məni; Yüküm dərd-qəm yüküdü; Yordu bu taylar məni (Bayatı); DƏRD-SƏR Azmıdır insanın məgər dərd-səri? (B.Vahabzadə); ƏLƏM Dağılmaz könlündən fikrü ələmlər (M.P.Vaqif); HÜZN Qızın çöhrəsində bir hüzn vardı (H.Abbaszadə); KÜDURƏT Açsan gözünü, rəncü məşəqqət görəcəksən; Millətdə qəm, ümmətdə küdurət görəcəksən (M.Ə.Sabir); QAYĞI Heyif, ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdi (M.Müşfiq); QƏM-KƏDƏR Onda yəqin deyərsən ki, ah, nə qəm, nə dərd, dünya beş gündür, beşi də qara, dərd və qəm-kədər (N.Vəzirov); QƏM-QUBAR Noldu, xanım, niyə qondu çöhrənizə qəm-qubar? (Ə.Cəmil); QƏM-QÜSSƏ Sən mənim könlümə bahar gətirdin; Qəm-qüssədən özgə nə var gətirdin (S.Rüstəm); QUBAR (məc.) Keçər ürək dərdi, könül qubarı (N.Rəfibəyli); QÜSSƏ Məryəmin fikirdən, qüssədən az qalırdı ürəyi partlasın (M.İbrahimov); MƏLAL Tutulur ürəyim dərdə, məlala; Sıxılır sinəmin bir bucağına (M.Rahim).