Sərbəst kükürd
Sərbəst kükürd – α-S — Rombik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Arsenli kükürd, selenli kükürd (volkanit – 5 %-dək Se)
Rəng – qarışıqlardan asılı olaraq müxtəlif çalarlı sarı, qırmızımtıl, qonur, qara, nadir hallarda südlü-ağ və mavi; Mineralın cizgisinin rəngi – samanı-sarı; Parıltı – şüşə parıltısından yağlıyadək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,05-2,09; S – 1,5-2; Ayrılma – {001}, {110} və {111} üzrə qeyri-mükəmməl; Bölünmə – {111} üzrə; Sınıqlar – qeyri-düzgün, yarımqabıqlı; Başqa xassələr – kövrəkdir; yaxşı istilik izolyatorudur, yarımkeçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: tez-tez rast gəlir: kəsik-dipiramidal, piramidal, bəzən pinakoidal, rombotetraedrik; İkiləşmə: {101}, {110}, {011} üzrə; Mineral aqreqatları: sıx dənəvər kütlələr, torpaqvarı yığınlar, druzalar, fırçalar, stalaktitlər, stalaqmitlər, qabıqlar, qaysaqlar, başqa minerallar üzrə psevdomorfozalar.
Müxtəlif proseslər nəticəsində əmələ gəlir, lakin mineralın sənaye əhəmiyyətli yığınları vulkanik fəaliyyətlə, biogen-çökmə proseslərlə və ilkin sulfidlərin oksidləşməsi ilə əlaqədardır. Vulkanik mənşəli kükürd adətən solfatar və fumarollardan sublimasiya məhsulu kimi çökür. Bəzən vulkan püskürmələri zamanı ərinti halında ayrılır və vulkanın səthində və ya onun yaxınlığında soyuyaraq axın və örtüklər əmələ gətirir. Sulfid yataqlarının oksidləşmə zonalarında sərbəst kükürd ilkin sulfidlərin pozulması zamanı kristallaşır. Mineralın çox vaxt bitumlu çöküntülərdə yerləşən və biogen-çökmə əmələgəlmələrlə təmsil olunan ən böyük yataqlarının formalaşmasında anaerob sulfatreduksiyaedici bakteriyaların və kükürd bakteriyalarının həyat fəaliyyəti böyük rol oynayır. Sərbəst kükürdün tapıntıları neft yataqlarında, duz günbəzlərində, kömürlü daş meteoritlərdə qeyd edilmişdir. Birlikdə rast gəldiyi minerallar: qips, anhidrit, zəy, halit, selestin, kalsit, araqonit,kvars, xalsedon, realqar, auripiqment, antimonit, hemati və b.