Saya Hiyama
Saya Hiyama (檜山沙耶, Hiyama Saya, 27 oktyabr 1993, Mito) – Yaponiya aparıcısı, diktoru və təbii fəlakətlərin qarşısının alınması mütəxəssisi. Aparıcılıq etdiyi hava proqnozu verilişlərindəki çıxışlarına görə məşhur olmuşdur. Yaponiyanın "hava idolu", eləcə də, "Yaponiyanın hava kraliçası" kimi tanınır.
== İlk illəri ==
Saya Hiyama 27 oktyabr 1993-cü ildə İbaraki prefekturasının Mito şəhərində doğulmuşdur. Bir müsahibəsində uşaqlığında hava proqnozu izləməyi sevdiyini bildirmişdir. İbaraki xristian orta məktəbini bitirdikdən sonra Rikkyo Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, beynəlxalq mühasibatlıq üzrə təhsil almışdır.
== Karyerası ==
Hiyama universiteti bitirdikdən sonra bir mühasibatlıq şirkətində, daha sonra film studiyasında işləməyə başlamışdır. O, səs aktrisası olmağı arzulasa da, birlikdə işlədiyi seyyu Mayumi Tanaka ona aparıcılığı tövsiyə etmiş və o, hava proqnozu aparıcısı olmağa qərar vermişdir. 2018-ci ilin oktyabrında Yui Komaki ilə birlikdə "Weathernews" kanalına qoşulmuş, 8 noyabr 2018-ci ildə "Weathernews Live Coffee Time" verilişində hava proqnozu aparıcısı kimi debüt etmişdir. 2020-ci ilin sentyabrında "Weathernews Live Moon" verilişinə keçmişdir.