Sergio Leone
Serco Leone (3 yanvar 1929[…], Roma – 30 aprel 1989[…], Roma) — italyan film rejissoru, prodüseri və ssenarist. Daha çox "spagetti vestern" növüylə bilinsə də, "Bir dəfə Amerikada" filmiylə yalnız vestern rejissoru olmadığını sübut etmişdir.
== Həyatı ==
1929-cu il yanvarın 3-də Roma şəhərində anadan olan Sergionun atası Vinçenso Leone dövrün pioner kino işçilərindən biri, anası Edvic Valçarenqi isə səssiz filmlərdə çəkilən aktrisa idi. Məktəbdə oxuyarkən onun sinif yoldaşlarından biri gələcəkdə birlikdə bir neçə layihəyə imza atacağı əfsanəvi bəstəkar Ennio Morrikone idi. Atasının kinostudiyalarda işini yaxından izləyən Sergio artıq 18 yaşında olarkən universitetdə hüquq dərslərini atdı və kino sahəsinə gəlməyi qərara aldı.
1948-ci ildə o, Velosiped oğruları filmində rejissor Vittorio de Sikanın köməkçisi idi. 1950-ci illərdən etibarən o, ssenarilər də yazmağa başladı, "Quo Vadis" – 1951 və "Ben-Hur" – 1959 kimi amerikan filmlərində rejissor köməkçisi kimi çalışdı. 1959-cu ildə "The Last Days of Pompeii" (Pompeyin Son Günləri) filminin çəkilişləri zamanı xəstələnən rejissor Mario Bonnardın işini sona çatdırmaq Leoneyə həvalə edildi. 1961-ci ildə "The Colossus of Rhodes" (Rodos Heykəli) tarixi filmi ilə öz müstəqil rejissorluq debütünü etdi. 1960-cı illərdə tarixi filmlər bir qədər dəbdən düşdü və Leone amerikan "Western" janrından bəhrələnən italyan "Spaghetti Weatern" janrında filmlərə maraq göstərməyə başladı.