Ümumdünya Meteorologiya Təşkilatı
Ümumdünya Meteorologiya Təşkilatı — BMT-nin meteorologiya sahəsində ixtisaslaşmış hökumətlərarası qurumudur.
Azərbaycan 27 dekabr 1993-cü il tarixindən etibarən ÜMT-nin üzvüdür.
1950-ci ildə yaradılmışdır.
O, BMT-nin Yer atmosferinin vəziyyətini və okeanlarla qarşılıqlı əlaqəsini izləmək üçün səlahiyyətli orqandır.
ÜMT-nin mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərindədir.
Ümumdünya Meteorologiya Təşkilatının yaradılması haqqında Konvensiyanın qüvvəyə mindiyi gün, martın 23-ü Ümumdünya Meteorologiya Günü qeyd olunur.
Hava, iqlim və su dövranı milli sərhədlərlə müəyyən edilmədiyinə görə, qlobal miqyasda beynəlxalq əməkdaşlıq meteorologiya və hidrologiyanın inkişafı və onların tətbiqindən əldə edilən fayda üçün mühüm əhəmiyyət kəsb edir.
Ümumdünya Meteorologiya Təşkilatı belə beynəlxalq əməkdaşlığın əsasını yaradır.
Yarandığı gündən Ümumdünya Meteorologiya Təşkilatı bütün bəşəriyyətin təhlükəsizliyinin və rifahının təşviqində mühüm rol oynayır.
Milli Meteoroloji və Hidroloji Xidmətlər, Ümumdünya Meteorologiya Təşkilatının rəhbərliyi və proqramları çərçivəsində həyatın və əmlakın təbii fəlakətlərdən qorunmasına, ətraf mühitin qorunmasına və cəmiyyətin bütün təbəqələrinin ərzaq təhlükəsizliyi, su ehtiyatları və nəqliyyat kimi sahələrdə iqtisadi və sosial rifahının qorunmasına və gücləndirilməsinə mühüm töhfə verir.