Sitarə Rəhimova
Sitarə Cavanşir qızı Rəhimova (21 mart 1945, Tbilisi – 5 mart 2010, Bakı) — Azərbaycan tətbiqi incəsənət ustası.
Sitarə Rəhimova 21 mart 1945-ci ildə Tbilisi şəhərində dünyaya gəlmiş, 1950-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. O, erkən yaşlarından təsviri incəsənət və muncuqla işləmələrə maraq göstərmiş, əBakıdakı muzeylərdən birində gördüyü Azərbaycan şairəsi Xurşidbanu Natəvanın işlərindən təsirlənmiş və incəsənət sahəsində fəaliyyətə bağlamışdır. Sitarə Rəhimova 1969-cu ildə Bakı İncəsənət Kollecini bitirdikdən sonra təhsilini Bakıdakı Politexnik İnstitutun memarlıq fakültəsində davam etmiş, 1974-cü ildə həmin universitetdə təhsilini başa vurmuşdur.
Sitarə Rəhimova Azərbaycan Rəssamlar İttifaqının və Dizaynerlər Birliyinin üzvü olmuşdur.
Rəssam uzunmüddətli ciddi xəstəlikdən sonra 5 mart 2010-cu ildə vəfat etmişdir.
Sitarə Rəhimovanın əsərləri mürəkkəb olduğu üçün çox detallıdır. Taxılan hər muncuq tikiş iynəsi vasitəsilə parçaya tikilmişdir. Şüşə və büllur muncuqlardan əlavə olaraq, Sitarə Rəhimova əsərlərində minerallardan və qiymətli daşlardan da istifadə etmişdir. Onun əsərlərinin xüsusiyyəti iri ölçülü rəsmi hazırlamaq üçün xırda detallara diqqət ayırmaqdan ibarətdir.