Neft və milyonlar səltənətində
Neft və milyonlar səltənətində — Azərbaycan yazıçısı İbrahim bəy Musabəyovun povesti.
Əsərin məzmunu Bakı neft kapitalistlərinin həyatından, məişətindən alınmışdı. İnqilaba qədərki Bakıda neft fontanları hesabına milyonlar əldə edən, birdən-birə varlanan lütfəlilərin, cəlilağaların həyat tərzi povestin əsasını təşkil edir. Müəllif doğru olaraq belə nəticəyə gəlir ki, pula hərislik, nəfsin qurbanı olmaq eyni zamanda əxlaqın korlanmasına, müvəqqəti xoşbəxtliyin faciəyə çevrilməsinə səbəb olur. Əsərin əsas qəhrəmanları olan Cəlil ağa da, Lütfəli bəy də öz yaxalarını bu faciədən qurtara bilmirlər.
Nə qədər ki, Cəlil ağa pulun insan mənəviyyatını, əxlaqını korlama qabiliyyətinə bələd deyildi, burjua cəmiyyətinin pozucu, məhvedici, insanı alçaldan xüsusiyyətlərini başa düşmürdü, öz namuslu zəhməti ilə sakit bir həyat sürürdü. Ancaq Lütfəli bəy kimi alçaq təbiətli bazar adamı ilə ilk tanışlıq tədricən Cəlil ağanı mənəviyyatca korlayır, bazar əxlaqı, bazar mühiti onu öz toruna salmağa başlayır. Nəhayət, o, canından əziz tutduğu ailəsinə də xəyanət edir.
Povestin əsasında 1916-cı ildə eyniadlı film çəkilmişdir.