Sərab
Sərab – İranın Şərqi Azərbaycan ostanında qədim şəhərlərdən biridir. Bu şəhərin təbii-coğrafi şəraitinin əlverişli olması, onun Yaxın və Orta Şərqin ən işlək ticarət yolunun üstündə yerləşməsi qədim dövrlərdən etibarən bu şəhərin iqtisadiyyatına mühüm təsir göstərmişdir.
Bəzi mənbələrə əsasən Sərab fars dilində "suyun başı (mənbəyi)" deməkdir. Ehtimal ki, vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının mənbəyində yerləşdiyinə görə vilayət və şəhər bu adı almışdır. "Sərab" sözünün farsca digər mənası da "miraj, ilğım"dır.
Bir sıra müəlliflər, o cümlədən Beryozin şəhərin və vilayətin adını "Serah" (se - üç, rah - yol) kimi qeyd etmişlər. Ərdəbil, Təbriz və Tehrana gedən yollar üzərində yerləşən Sərab vilayətinin etimologiyasının bu amilə əsaslanması əksər tədqiqatçılar tərəfindən də qəbul olunur.
Sərab adının etimologiyası haqqında İran tarixçisi R.Hüveyda yazırdı: "Müasir Sərab məfhumunun qədim forması Sərat, Sərav və yaxud Səro olmuşdur." Hüveyda hər cəhdlə Sərab adını iran dilləri əsasında izah etməyə çalışmışdır.
X əsrdə yazılmış və müəllifi məlum olmayan Hüdud əl-aləm "Minəl məşrie iləl məğrib" əsərində şəhərin adı Sərav kimi verilmişdir. Bu əsərdə Sərabın sıx əhaliyə və bol nemətlərə malik olması göstərilir.