Təəssürat, günəşin doğuşu
Təəssürat, günəşin doğuşu (fr. Impression, soleil levant) — Klod Mone tərəfindən çəkilmiş və ilk dəfə 1874-cü ilin aprelində Parisdə "İmpressionistlərin sərgisi"ndə nümayiş olunmuş rəsm əsəri. Belə ki, sərginin adından başa düşüldüyü kimi bu əsər impressionizm cərəyanının təsirinə məruz qalmışdır.
Mone "Təəssürat, günəşin doğuşu" əsərində özünün doğulduğu şəhər olan Havr şəhərinin limanını təsvir etmişdir. Hal-hazırda bu əsər Marmottan-Mone muzeyində (Paris) sərgilənməkdədir.
== Tarix ==
Mone 1872-ci ildə Fransanın şimal-qərbində yerləşən, doğulduğu şəhər olan Havr şəhərinə gəlir və burada yaradıcılığına Havr şəhərinin limanını təsvir etdiyi şəkillərlə davam edir. Onun çəkdiyi müxtəlif rəsmlərdən limanın "günün sübh, gündüz, alatoranlıq, qaranlıq periodlarında və fərqli görüş nöqtələrindən - suyun özündən və ya otel otağından" təsvir edildiyi aydın olur.
"Təəssürat, günəşin doğuşu" əsəri 1874-cü ildə Parisdə keçirilən "Rəssamlar, Heykəltaraşlar, Həkkaklar və s." sərgisində nümayiş etdirildikdən sonra yuxarıda qeyd olunan əsərlər içərisində ən məşhuru olmağı bacardı. Otuz iştirakçı olmasına baxmayaraq sərgiyə, əsasən, Mone, Edqar Deqa, Kamil Pissarro, Pyer-Ogüst Renuar, Alfred Sisley rəhbərlik edirdi və burada təqribən 200-ə yaxın əsər 4000-dən çox insana nümayiş olundu. Hətta sərgidəki həmin əsərlərin bir qisminin sərt təndiqlərə məruz qalması da aşkardır.