Göy məscid (Təbriz)
Göy məscid (fars. مسجد کبود Məsced-i Kabud) — Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri.
Abidədə yüzilliklərin yetkinləşmiş bədii memarlıq üslubu, məscid planının ustalıqla hazırlanması, kompozisiya kamilliyi, Azərbaycan memarlığında geniş yayılmış motiv və formaların yüksək bədii tərzdə yaradılması, zəngin memarlıq bəzəyindəki nəfislik əks olunmuşdur.
Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalıq şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir.
XV əsrdə Təbriz özünün memarlıq – planlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. Qaraqoyunlu və Ağqoyunlu hökmdarları – Cahanşah Həqiqi (1438–1467), Uzun Həsən (1453–1478) və Sultan Yaqub (1478–1490) bu zaman Azərbaycanın paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər. Təbrizdə bir sıra iri memarlıq kompleksləri – Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Baqe Şemal və başqa Azərbaycan memarlığının maraqlı və dəyərli nümunələri olan memarlıq kompleksləri meydana gəlir.