1150-ci ildən Avropanın ən məşhur ticarət yarmarkası Fransanın Şampan əyalətində keçirilməyə başladı. Bu əyalətin baş şəhəri Trua (fransızca Troyes) idi. Adı qədim yunan şəhəri Troyanı xatırlatsa da, bu iki şəhəri bir-birinə heç nə bağlamırdı. Şəhər adını Roma imperiyası mövcud olduğu zaman bu şəhərin salındığı torpaqlarda yaşayan qall tayfası trikassidən götürmüşdü.
XIII əsrdə Truada keçirilən yarmarkalar ən məşhur və ən zəngin yarmarkalar idi. Əlbəttə, yarmarkanın çiçəklənməsi üçün bura gələn tacirlər özlərini aldanmış hesab etməməli idilər. Bu səbəbdən də təşkilatçılar yarmarkanın keçirilməsini ciddi nəzarətə götürmüşdülər; məsələn, onlar malların tərəzidə çəkilməsi və ölçülməsi proseslərinin təmiz keçirilməsi üçün əllərindən gələni etmişdilər.
Nəticədə onların tətbiq etdiyi troy unsiyası dəqiqlik standartı olaraq geniş yayıldı. Troy unsiyasından indiyədək Böyük Britaniya və ABŞ-da dərman və qiymətli metalların çəkisini ölçmək üçün istifadə olunur. (Ayzek Azimov. Sözlərin tarixi)