Dini ədəbiyyat
Dini ədəbiyyat — ilahiyyata, dini müqəddəslərin (peyğəmbərlər, imamlar və başqaları) həyat və fəaliyyətinə dair əfsanə, rəvayət və hekayətlər, həmçinin müxtəlif növ janrlarda yazılmış dini məzmunlu bədii əsərlər. Dünya ədəbiyyatında qədim dövrlərdən (əsasən, monoteist dinlərin yayıldığı vaxtdan) yaranmağa başlamışdır (atəşpərəstliyin banisi Zərdüştün, xristianlığın əfsanəvi yaradıcısı İsa peyğəmbərin, islamın əsasını qoyan Məhəmməd peyğəmbərin həyatı ilə bağlı rəvayətlər və s.). Hələ qədimdən müxtəlif dinlərin (bütpərəstlik, hinduizm, buddizm, konfutsiçilik, iudaizm, xristianlıq, manilik, islam və s.) intişar tapdığı bütün ölkələrdə dini ədəbiyyat mövcuddur. İslam dininin yaranması və yayılması Yaxın və Orta Şərq ölkələrində dünya ədəbiyyatın inkişafına zəmin yaratmışdır. İslam dininin banisi Məhəmməd ibn Abdullah (570 - 632) haqqında söylənən çoxlu əhvalat və rəvayətlər dildən-dilə keçərək, əvvəlcə Ərəbistana və Yaxın Şərq ölkələrinə, sonra isə bütün dünyaya yayılmışdır. Yəhudiliyin və xristianlığın müqəddəs kitabı "Bibliya", müsəlmanların müqəddəs kitabı "Quran" dünya ədəbiyyatının klassik abidələridir.
Dini ədəbiyyatın geniş yayılmış janrları hədis, rəvayət, hekayət, risalə və dastanlardır. Mərsiyə, minacat, nət və s. klassik şeir növ və şəkillərindən də geniş istifadə edilir. Azərbaycanda dini ədəbiyyatın ilk nümunələri dini təsəvvürlərin formalaşmağa başladığı çağlarda yaranmışdır.