"İsmayıllı-1" SES

"İsmayıllı-1" SES (tam adı: "İsmayıllı-1" su-elektrik stansiyası) — İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında yerləşən su-elektrik stansiyası.

"İsmayıllı-1" SES
"İsmayıllı-1" su-elektrik stansiyası
Ümumi məlumatlar
Sahibi "Azərenerji" ASC
Status İşlək
Tikilmə tarixi 2011
İstismara verilib 2013
İstismarçı "Azərenerji" ASC
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 1,6 MVt[1]
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Əsas qurğular
Bənd tipi Torpaq
Yerləşməsi
40°47′ şm. e. 48°09′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Yer Cənubi Qafqaz
"İsmayıllı-1" SES xəritədə
"İsmayıllı-1" SES
"İsmayıllı-1" SES

"İsmayıllı-1" su-elektrik stansiyası alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi proqramı çərçivəsində Azərbaycan Respublikasında inşa olunan obyektlərdən biridir. Kiçik su-elektrik stansiyalarının tikintisi elektrik enerjisinin istehsalında yanacağa qənaət etməklə yanaşı, həm də ətraf mühitə heç bir zərər yetirmir.[2]

Stansiyanın tikintisinə 2011-ci ildə başlanılmışdır. Əsas və köməkçi avadanlığın təchizatı, eləcə də bütün tikinti-quraşdırma işləri "Azenco" şirkəti tərəfindən həyata keçirilmişdir. Stansiyanın tikintisində 100 nəfər çalışmışdır. Tikinti işləri zamanı burada suqəbuledici quraşdırılmış, hər birinin uzunluğu 2115 metr, diametri isə 800 millimetr olan üç boru çəkilmiş, stansiya binası inşa edilmişdir.[2]

Stansiyanın binasının foyesində Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda energetika sahəsinin inkişafına göstərdikləri diqqəti, həmçinin bu sferanın müasirləşdirilməsi istiqamətində həyata keçirdikləri layihələri əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Binada nəzarət, mühafizə və idarəetmə sistemləri quraşdırılmışdır.[2]

Bu stansiyanın ümumi layihə gücü 1600 kilovat olan üç hidroturbin və üç hidrogeneratordan ibarətdir.[2]

Burada 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik ötürücü xətlər çəkilmişdir. Stansiyanın aşağı byefindən çıxan təmizlənmiş su tikilməkdə olan "İsmayıllı-2" su-elektrik stansiyasına daxil olacaqdır. Beləliklə, yekunda İsmayıllı su-elektrik stansiyası ümumi gücü 3200 kilovat olan kiçik su-elektrik stansiyaları silsiləsini təşkil edəcəkdir. Bu layihə olduqca səmərəli və əhəmiyyətlidir. Belə ki, İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su-elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir. su-elektrik stansiyasında 12 nəfər daimi işlə təmin ediləcəkdir. Stansiyanın ərazisində abadlıq-quruculuq işləri görülmüş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.[2]

Ölkə prezidenti İlham Əliyev 14 avqust 2013-cü ildə "İsmayıllı-1" su-elektrik stansiyasının açılışında iştirak etmişdir.[2]