Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
İttihad fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müsavat və bitərəflər fraksiyasından sonra ən böyük fraksiyası.
Parlamentdə İttihad fraksiyasının rəhbəri Qara Qarabəyli tərəfındən təqdim edilmiş bəyannamədə hakimiyyətin millətə məxsus olması ideyasının gerçəkləşməsi müsəlmanların istiqlal mübarizəsinin son məqsədi sayılırdı. Bəyannamədə Azərbaycandakı bütün xalqların sülh şəraitində yaşamalarının təmin olunması tələb edilirdi. İttihadçılar fəhlə məsələsində menşeviklərin proqramı ilə çıxış edərək, fəhlələrin səadətini təmin etməyə səy göstərəcəyini vəd edir, aqrar məsələdə isə torpağın pulsuz olaraq kəndlilərə paylanması təklifini irəli sürürdü. Onlar maliyyə sahəsində mütərəqqi gəlir vergisinin tətbiqini, digər vergilərin isə ləğvini tələb edirdilər. İttihad fraksiyası ibtidai məktəblərdə ümumi və icbari təhsilin bərqərar edilməsinə, məktəblərin milliləşdirilməsinə tərəfdar olduğunu bildirirdi.
İttihad fraksiyası parlamentin, əsasən, sağ cinahını təşkil edirdi. Bu fraksiya ölkədə siyasi üstünlüyə malik milli demokratik cərəyana qarşı sərt müxalifət mövqeyində durur və 1919-cu ilin dekabrınadək hökumət kabinetlərinin formalaşmasında iştirakdan imtina edirdi. İttihad fraksiyası hökumətə etimad göstərməyənlərin öncüllərindən idi. 1919-cu ilin yanvarında İttihad fraksiyası neft möhtəkirliyinə qarşı mübarizə barədə, 1918-ci ildə tədarük olunmuş taxıl məhsulunun talan edilməsi və Hacı Zeynəlabdin Tağıyev fabrikində beş satıcı ilə bağlı qanunsuzluqlar haqqında üç bənddən ibarət sorğu ilə hökumətə müraciət etmişdi. Fraksiyanın rəhbəri Qara bəy Qarabəyov bu məsələlərin nizamlanması üçün xüsusi müşavirə çağırmağı təklif etmişdi. Sorğularla əlaqədar hökumət üzvlərinin, hətta hökumət başçısı Fətəli xan Xoyskinin parlament qarşısında çıxışlarında verdiyi cavablarla hesablaşmayan Qarabəyov öz fraksiyası adından hökumətin izahatını qeyri-qənaətbəxş saydığını bildirib ona etimadsızlıq göstərilməsi tələbini irəli sürmüşdü. Müzakirələr nəticəsində aydın olmuşdu ki, hökumətə tam etimadsızlıq göstərilməsini yalnız İttihad Partiyası tələb edir. İttihad fraksiyası parlamentdən yeni hökumət kabinəsinin təşkil olunması tapşırığını alan Nəsib bəy Yusifbəylinin namizədliyini də müdafiə etməmişdi. Bununla belə, İttihad da yeni kabinetə daxil olmaq ehtimalını nəzərdən keçirirdi. O, Slavyan-rus və Erməni fraksiyaları istisna olmaqla, Azərbaycanın müstəqilliyi ideyasını müdafıə edən bütün partiyaların parlament mərkəzinin yaradılmasını təklif etmiş və bildirmişdi ki, əks təqdirdə Müsavat-Sosialist mərkəzi adlandırılan mərkəz (əgər bu baş tutarsa) ölkəni səhvlərdən və müxalifətdən xilas edə bilməyəcək.
1919-cu ilin sentyabrında da hökumətə etimad məsələsi irəli sürülərkən İttihad fraksiyası qəti və açıq şəkildə buna qarşı çıxmışdı. İttihad yeni hökumətin Müsavat və İttihad fraksiyaları, həmçinin Bitərəflər fraksiyası əsasında formalaşdırılmasını təklif edirdi. 1919-cu ilin oktyabrında Müsavat fraksiyasına bitərəflərldən ayrılıb birləşən parlament üzvləri ilə Müsavat və bitərəflər fraksiyası qurulduqdan sonra, kabinetin tərkibi məsələsi təkrar müzakirə olunarkən İttihad Müsavatın daxili və xarici siyasət taktikası ilə prinsipial ixtilafda olduğuna görə, yeni hökumətin tərkibində iştirakdan imtina etməyi qərara aldı. Bununla yanaşı, Nəsib bəy Yusifbəylini bitərəf hökumət yaratmağa qadir olmayan məhdud partiya lideri hesab etdiyini bildirən İttihad onun təşkil etdiyi hər hansı hökumətə etimadsızlıq göstərilməsi haqqında qərar qəbul etdi. 1919-cu ilin dekabrında yeni hökumət kabinetinin formalaşdırılması zamanı İttihaddan 2 nəfər koalisiyaya daxil edildi. Həmid bəy Şahtaxtinski xalq təhsili və dini etiqad naziri (1920 il martın 5-dən 30-dək Nurməmməd Şahsuvarov), Sultan Məcid Qənizadə dövlət nəzarətçisi oldu. İttihad Partiyası yeni hökumətdə iki nazir vəzifəsi alsa da, fraksiyanın lideri Qara bəy Qarabəyov, öz "ənənəsinə" sadiq qalaraq, hökumətin proqramını kəskin tənqid edirdi. O, dövlət məmurlarını rüşvətxorluqda, vəzifədən sui-istifadədə ittiham etmiş, "respublika qəzalarını tamamilə yaddan çıxaran" Xalq Maarifi Nazirliyini isə kəskin tənqid atəşinə tutmuşdu. Müsavat Partiyası ittihadçıların müqavimətini neytrallaşdırmaq niyyəti ilə onlara koalisiya təklif etmişdi. İttihad hökumətə daxil olmaq təklifı müqabilində üç şərt irəli sürmüşdü:
Dövlət nəzarəti vəzifəsini ələ keçirən ittihadçılar bildirirdilər ki, dövlət strukturlarındakı qanunsuzluqlara və sui-istifadə hallarına görə müsavatçılar daha çox məsuliyyət daşıyırlar. İttihad Müsavatı dövlət vəsaitindən qanunsuz olaraq özünün partiya təbliğatı üçün istifadə etməkdə ittiham edirdi. İttihad bir sıra məsələlərə münasibətdə qismən bolşevikpərəst mövqedən çıxış edirdi. Bu fraksiya Qərb imperializminə qarşı mübarizədə kommunistlərlə ittifaqa çağırır, rus Sovet ordusunun Antantaya qarşı mübarizə aparan Türkiyəyə yardım etməsi üçün Azərbaycana buraxılmasını tələb edirdi. Müsavatın Məmmədhəsən Hacınskini daxili işlər naziri vəzifəsindən geri çağırmaq niyyətindən xəbər tutan İttihad hökumət koalisiyası haqqında qərar qəbul etmişdi. Yeni təyinatlardan razı qalmadığını bildirən İttihad fraksiyası baş nazir Nəsib bəy Yusifbəyliyə partiyalarla məsləhətləşməyi və Hacınskini nazir vəzifəsində saxlamağı təklif etdi. İttihadçılar Müsavatı hakimiyyəti zorla ələ keçirməkdə günahlandırırdılar. Onlar hökumətin kommunistlərə qarşı gördüyü tədbirlərin də əleyhinə çıxırdılar. İttihad nümayəndələri hökumətin tərkibindən çıxaraq, Müsavatın hakimiyyətdən getməsinə çalışır, əks halda, hökumətdə iştirakdan imtina edəcəkləri ilə hədələyirdilər. 1920-ci ilin aprelində hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında ultimatumun müzakirəsi zamanı İttihad fraksiyası hakimiyyətin təhvil verilməsi təklifini müdafiə etdi. Beləliklə, Azərbaycanın bolşeviklər tərəfindən işğalına əlverişli şərait yaradıldı.
Fraksiyaya 14 parlament üzvü daxil idi:
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |