Əli bəy Zizikski

Əli bəy Harun bəy oğlu Zizikski (noyabr 1876, Zizik, Quba qəzası18 sentyabr 1929, Bakı) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, hərbi və ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan Parlamentinə millət vəkili, eyni zamanda Bakı qubernatorunun iki köməkçisindən biri[1] (digəri Həmdulla əfəndi Əfəndizadə).

Əli bəy Zizikski
7 dekabr 1918 – 27 aprel 1920
Şəxsi məlumatlar
Doğum tarixi noyabr 1876
Doğum yeri
Vəfat tarixi 18 sentyabr 1929(1929-09-18) (52 yaşında)
Vəfat yeri
Partiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli bəyin atası Harun bəyin Quba qəzasında böyük torpaq mülkiyyəti, QubaBakı şəhərində malikanəsi var idi, eyni zamanda o toxumçuluq sahəsində yaxşı mütəxəssis idi. Harun bəyin 2 oğlu – Abdulla bəy (cavan vəfat etdi) və Əli bəy, 8 qızı – Səkinə xanım (Cimili bəyə ərə getmiş), Ummsəlimə xanım, Ayna xanım (Alpan bəyə ərə getmiş), Böyük xanım, Səadət xanım (həyat yoldaşı Dağıstan imanı Nəcməddin Qotsinski), Camal xanım (Şıxlar bəyə ərə getmiş), Sona xanım (həyat yoldaşı Mustafa Əfəndiyev) və Umra xanım. Harun bəy Hacı-Bala Məmmədyarovu da övladlığa götürmüşdür. 

Əli bəy Zizikski 1876-cı ilin noyabr ayında Quba qəzasının Zizik kəndində anadan olmuşdur. (Bəzi nəşr mənbələrində doğulduğu il səhvən 1878 kimi göstərilmişdir. Səhvin səbəbi bəzi tarixçilərin verdiyi məlumata görə, o 50 yaşında 1928-ci ildə güllələnib. Lakin arxiv məlumatlara görə Əli bəy özü doğum tarixini noyabr 1876-cı il göstərmişdir. 50 yaşında isə 1926-cı ildə o həbs olunmuşdur).

Əli bəy Sankt-Peterburq şəhərində hərbi məktəbdə oxuyub. Çar ordusunda xidmət edib. Hərbi xidməti Varşavada atçılıq müsəlman alayında keçirib. Varşava üsyanı yatırılmasında iştirak etmişdir. 1914-cü ildə Əli bəy Zizikski Quba qəzasının polis rəisi təyin edilmişdir. 

Fevral inqilabından sonra (1917) kapitan Əli bəy Zizikski Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin edilmişdi (birinci müavini Mir Cəfər Bağırov, digər müavini isə Qazı Əhməd bəy Məhəmmədbəyov idi). Oktyabr çevrilişindən (1917) sonra qəzanın Bakı Sovetinin nəzarətinə keçməsinin qarşısını almağa çalışmışdır. Əli bəy Zizikski 1918-ci il soyqırımı zamanı öz dəstələri ilə Dağıstandan Bakının köməyinə gələn Nəcməddin Qotsinskinin alaylarına qoşulmuşdu. Qotsinski və Zizikskinin silahlı dəstələri daşnak-bolşevik birləşmələrinin Biləcəri-Xırdalan müdafiə xəttinə qədər yaxınlaşmış, ilk toqquşmada onları məğlubiyyətə uğradıb, şəhər üzərinə son hücum hazırlığına başlamışdır. Lakin Həştərxandan Xəzər dənizi vasitəsilə göndərilən çoxsaylı bolşevik hərbi qüvvələrinin Bakıya çatması ilə qüvvələr nisbəti dəyişmiş və onlar tutduqları mövqeləri tərk etməli olmuşlar. 1918-ci ilin aprelində Bakı Soveti Quba üzərinə əks-hücum təşkil edərkən Həmdulla əfəndi Əfəndiyev və başqalarının rəhbərlik etdiyi müsəlman birləşmələri şəhəri Bakı Sovetinin qüvvələrindən müdafiə etmişdirlər. Aprelin sonu – mayın əvvəlində S. Şaumyan və G. Korqanovun göstərişi ilə daşnak Hamazaspın başçılığı ilə Qubaya yeni daşnak-bolşevik qüvvələri yeridildi. Zizikski düşmənin sayca üstün olan və yaxşı silahlanmış qüvvələrinə müqavimət göstərə bilməyib, Dağıstana keçməyə məcbur oldu. Hamazaspın dəstəsi şəhərdə və ətraf kəndlərdə kütləvi qırğınlar və vəhşiliklər törətdi. Qafqaz İslam Ordusunun və Dağıstanda yerli əhalinin köməkliyi ilə yeni hərbi dəstə yaradan Zizikski Hamazaspın daşnak-bolşevik dəstələrinə qarşı güclü hücum təşkil etdi və Qubanı azad etdi, Azərbaycan Xalq Cümburiyyəti yaradıldıqda Zizikskinin dəstəsinin əksər üzvləri yeni yaradılan Milli ordunun sıralarına daxil oldu.

Bakı şəhəri Azərbaycan və Türkiyə hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən (1918-ci il, 15 sentyabr) sonra artıq polkovnik rütbəsində olan Zizikski paytaxt valisinin müavini təyin edilmiş, eyni zamanda Quba qəzasından Azərbaycan Parlamentinə üzv seçilmişdi. O, parlamentdə "İttihad" fraksiyasını təmsil edirdi. İttihad Partiyasının 1-ci (1919, aprel) və 2-ci (1920, yanvar) qurultaylarında partiyanın Mərkəzi Komitəsinə üzv seçilmişdi. Azərbaycan Parlamentinin maliyyə-büdcə komissiyasının üzvü idi.

Aprel işğalından (1920) sonra Zizikski bir müddət sovet hakimiyyətinə qarşı müqavimət hərəkatında iştirak etmiş, Qubada elan edilən amnistiyadan sonra leqal fəaliyyətə keçmiş, lakin bolşeviklərin elan etdiyi amnistiyanın müvəqqəti olduğunu yəqin edərək, yenidən gizli fəaliyyət göstərmişdir. Zizikskinin sabiq müavini, o zaman Azərbaycan Fövqəladə Komissiyasının başçısı M. C. Bağırov onu sovet-bolşevik təqiblərindən qurtarmışdı. Bundan sonra Əli bəy Zizikski Bakıya qayıdaraq, bəraət almışdır. Bakıda Çəmbərəkənddəki evində yaşayırdı.

Mir Cəfər Bağırov Respublikada olmadığı vaxtda 28 dekabr 1926-cı ildə (50 yaşındakən) həbs edilmişdir. 6 avqust 1928-ci ildə AzSSR Cinayət Məcəlləsinin 63, 75 və 18–84-cü maddələri (əksinqilabçılıq fəaliyyəti, xarici əks-inqilabçılıq təşkilatları ilə əlaqə) ilə təqsirli elan edilərək, ölüm cəzasına məhkum olunmuşdur. Hökm 1929-cu ilin sentyabr ayının 17-dən 18-nə keçən gecə vaxtı icra olunmuşdur.

  • Əli bəy Zizikski Bakı şəhəri, Çəmbərəkənd, Aşağı Qəbirstanlıq küçəsi (sonradan Mehdi Hüseyn küçəsi), ev 79 ünvanda yaşayırdı. Həmin binanın əsas girişin fasadında uzun illərdi kiril əlifbasında "АЗ" inisialı var idi (1990-cı illərdə binada yenidənqurma işləri aparılmış və fasaddakı inisiallar saxlanılmamışdır).
  • Zizik kəndindəki evləri 1950-ci illərdə sökülmüş və sökülməkdən qalan tikinti materiallarında ikinci dəfə yerli məscidin tikintisində istifadə edilmişdir. Sonradan həmin yerdə kənd orta məktəbi inşa edilmişdir.
  • Quba şəhərində Əli bəy Zizikskinin şərəfinə küçə adlandırılmışdır.[2]
  1. "Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası, I cild, səh, 465. Baş redaktor: Yaqub Mahmudov". 2013-08-12 tarixində (#archive_missing_url) arxivləşdirilib. (#cite_web_url); (#accessdate_missing_url)
  2. "AXC qurucularının bioqrafiyası". axc.preslib.az. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]