Filmdə Qarabağ problemi nəticəsində paytaxta axışan qaçqınlar və onların şəhər əhalisi ilə münasibətləri öz əksini tapıb. Filmin mövzusu qısa bir zaman kəsiyini – bir yay ərzində baş vermiş hadisələri əhatə edir.
"Əlvida, cənub şəhəri" Bakının2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil telefonla hansısa binaların sökülməsi tapşırığını verir. Növbəti kadrlarda isə başı dibindən qırxılmış, çiynində çanta olan gənc oğlan bir restorana girir və burada tanışı ilə .. rastlaşır. Onların söhbətindən belə məlum olur ki, bu gənc -Alik (Teymur Bədəlbəyli) həbsxanadan çıxıb. Tanışı – Rza (Fəxrəddin Manafov) ona Farizi (Fuad Poladov) öldürməyi təklif edir. Əks halda, Fariz Alikin "işini" bitirəcək. Alik isə razılaşmır. Daha sonra titrlərin köməyilə hadisələrin 1988-ci il Bakısında cərəyan etdiyi aydın olur. İçərişəhər həyətlərinin biri... Ümumi həyətə, ümumi pilləkənə bir neçə qonşunun qapısı açılır. Alikin də yaşadığı bu həyətin sakinləri çoxdanın qonşularıdır. Tək bir nəfərdən başqa. Fariz ailəsi ilə bura yenicə köçüb. Odur ki, şəhər həyatına alışmayan 7-8 yaşlı oğlu hər gün özünü eyvanın başından milis işçisi qonşunun həyətdə duran maşınının üstünə "yüngülləşdirir". Hər dəfə də maşının sirenalarının səsi məhəlləni başına götürür. Maşın sahibi, qonşular narazılıqlarını bildirsələr də, vəzifə sahibi olan Farizdən çəkindikləri üçün "dərinə" getmirlər. Alik isə məhəllənin müdafiəçisi kimi tanınır. Məlum səbəblərdən rusların, ermənilərin Bakını tərk etdiyi qarışıq bir dövrdə Alik tanıdığı adamların dadına çatır. Qarşı tərəfi hədələməkdə isə ona cibində gəzdirdiyi tapança yardımçı olur. Nəhayət, yaxınlıqdakı zirzəminin boşaldılması məqamı da yetişir. Caz qrupunun məşq etdiyi zirzəmidə Fariz restoran açmaq fikrindədir. Qrup üzvləri isə caz festivalına hazırlaşdıqlarından zirzəmini tərk etmək istəmirlər. Alikin sevdiyi qız – Maya (Mehriban Zəki) da qrupun solistidir. Odur ki, gənc oğlan yenidən tapançasını çıxararaq, musiqiçilərin müdafiəsinə qalxır. Növbəti günlərin birində qonşular həyətdə süfrə arxasına toplaşaraq, həyətləri haqqında videokamerası ilə film çəkən və buna görə də Farizin qəzəbinə tuş gələn yeniyetmə oğlanın "kişi olmasını" qeyd edirlər. Bu məqamda yeni qonşu həyətə girir və pilləkənlərlə evinə qalxır. Qonşular onu içməyə dəvət etsələr də, Fariz ikrah hissi ilə təklifi rədd edir, "Sizin kimilərlə içmərəm, hamınızın axırına çıxacağam" deyir. Alik isə ona edilən hədəyə dözməyib pilləkənlərlə qalxır və Farizə möhkəm bir şillə çəkir. Bu hadisədən sonra Alik milis idarəsinə çağırılır. Onun gəzdirdiyi tapançanın adi alışqan olmasına baxmayaraq, törətmədiyi cinayətlərdə təqsirli bilinir və həbs edilir. Filmin sonunda hadisələr yenə də 2000-ci ilə qayıdır. Dəniz kənarında Rza Alikə bir daha Farizi öldürməyi təklif edir. Alik isə "yox" cavabı verərək, Azərbaycanı tərk edəcəyini deyir. Vaxtilə neft quyusunda birgə işlədiyi, tənbəlliyi üzündən yalnız Alikin özünə ortaq götürdüyü Rza isə cibindən bıçaq çıxardıb, ona bir neçə zərbə endirir. Alik qan içində yerə yıxılır. Film Bakının gecə panoramı, caz musiqisinin sədaları altında bitir.
Film 2007-ci ilin fevralında Berlin Film Festivalında, iyulunda ÇexiyanınUherske-Hradişte şəhərində keçirilən beynəlxalq film festivalında, sentyabrında isə Qazaxıstanda IV beynəlxalq "Avrasiya" kinofestivalında nümayiş etdirilmişdir.