Belarus–Yaponiya münasibətləri (belar. Беларуска-японскія адносіны; yap. 日本とベラルーシの関係) – Belarus ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr.
Belarus–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Minskdə doğulmuş belarusəsilli şərqşünas İosif Qoşkeviç Rusiyanın Yaponiyadakı ilk diplomatı (1858–1865) olmuş, eləcə də, ilk rusca-yaponca lüğətini (1857) tərtib etmişdir.
Belarus ilə Yaponiya arasında diplomatik əlaqələr 26 yanvar 1992-ci ildə qurulmuşdur. Yaponiyanın Belarus səfirliyi 1993-cü ilin yanvarında Minskdə açılmışdır. Belarusun Yaponiya səfirliyi isə 1995-ci ilin iyununda Tokioda açılmışdır. 1998-ci ildə Belarus prezidenti Aleksandr Lukaşenko Naqanoda keçirilən Qış Olimpiya Oyunları münasibətilə Yaponiyaya səfər etmişdir. Ölkələr aralarındakı münasibətləri gücləndirmək məqsədilə parlamentlərində dostluq qrupları yaratmışdır. 2000-ci ildə Yaponiya parlamentinin Müşavirlər Palatasının nümayəndəliyi Belarusa, 2001-ci ildə Belarus Milli Assembliyası Şurasının nümayəndəliyi Yaponiyaya səfər etmişdir.[1]
2012-ci ildə ölkələr arasında "nüvə qəzalarının nəticələrini aradan qaldırmaq haqqında əməkdaşlıq müqaviləsi", 2018-ci ildə Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyi ilə Belarus Səhiyyə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanmışdır.[1]
2017-ci ilin aprelində Belarusun Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Yesin təyin olunmuşdur. Həmin il ölkələr münasibətlərin qurulmasının 25 illiyini qeyd etmişdir. 2018-ci ildə Yaponiya da Belarusdakı diplomatik missiyasını inkişaf etdirərək fövqəladə və səlahiyyətli səfir təyin etmişdir.[1]
2019-cu ilin aprelində Yaponiyada Belarus mədəniyyət günləri keçirilmişdir. Həmin il Minsk şəhərində baş tutmuş II Avropa Oyunları zamanı Yaponiya nümayəndəliyi ölkəyə səfər etmişdir.[1]
2009-cu ildə aktivist Teruo Nayto ölkələr arasındakı dostluq münasibətlərini simvolizə etmək üçün Minsk şəhərində yerləşən 97 nömrəli məktəbə sakura ağacları bağışlamışdır. O, Belarus–Yaponiya münasibətlərinin inkişafı üçün verdiyi töhfələrə görə Belarus hökuməti tərəfindən mükafatlandırılmışdır.[2]
Belarus və Yaponiya milli futbol komandaları cəmi 1 dəfə qarşılaşıblar. 2013-cü ildə baş tutmuş yoldaşlıq oyunu Belarusun 1:0 hesablı qələbəsi ilə başa çatmışdır.[3]
Belarus Yaponiyaya əsasən kalium gübrələri, alüminium ərintiləri, şüşə-lif məhsulları, tibb ləvazimatları, Yaponiya isə Belarusa avtomobil hissələri, qaz turbinləri, rezin məhsulları və qaldırıcılar ixrac edir.[4]
2019-cu ilin məlumatına əsasən Belarusda 53 Yaponiya vətəndaşı, 2020-ci ilin məlumatına əsasən Yaponiyada 451 Belarus vətəndaşı yaşayır.[4]