Bu məqalə ARKİ haqqındadır. AKİ üçün Azərbaycan Kinematoqrafçılar İttifaqı səhifəsinə baxın. |
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı — Azərbaycan kinematoqrafçılarının mövcud olmuş ictimai birliyi.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ARKİ | |
---|---|
Növü | İctimai birlik |
Yaranma tarixi | 2012 |
Ləğvolma tarixi | 5 mart 2024[1] |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Bakı, Azərbaycan |
Sədr | Şəfiqə Məmmədova |
arki.az/az |
21 iyun 2012-ci ildə təsis edilib.[2] Sədri Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Məmmədovadır.[3][4]
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də «Nİzami» Kino Mərkəzində «Kino və konseptual problemlər» mövzusunda keçirilmiş tədbirdə yaradılıb. Tədbirdə baş tutan müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradıldığı elan olunmuş və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri, Cəmil Quliyev isə qurumun icraçı katibi seçilmişdir. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Eldar Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev.
İttifaq tərəfindən Milli Kino Mükafatı təsis olunub. Mükafat hər il 2 avqust - Kino Günündə Azərbaycan kinosuna verdiyi töhfələrə görə fərqlənən kinematoqrafçıya təqdim olunacaq.[5]
2012-ci ilin iyul ayından başlayaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti səkkiz iclas keçirib. İdarə heyətinin iclaslarında bir sıra vacib sənədlər hazırlanıb və qəbul olunub. İclas prosesində ittifaqa üzvlərin qəbulu haqqında, kinematoqrafçıların sosial-yardım fondu haqqında əsasnamələr qəbul olunub. Bundan başqa iclaslarda ittifaqın üzvlüyünə qəbul və gənc kinematoqrafçılarla iş komissiyaları yaradılıb. 2012-ci il ərzində ittifaqa 139 nəfər üzv qəbul olunub.
2 Avqust Milli kino günü münasibətilə keçirilən iclasda Milli Kino mükafatı təsis olunub. İlk dəfə Milli Kinomükafatı Azərbaycan kinosuna verdiyi töhfələrə görə xalq artisti Yaşar Nuriyə verilib. Milli Kino günü ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı xüsusi fərqlənmiş bir qrup kinematoqrafçıya fəxri adların verilməsi üçün, vəsadət qaldırıb və kino veteranlarına pul mükafatı təqdim olunub.
Sentyabrın 1-də “Nizami” kino mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən “Gənc kinematoqrafçıların problemləri və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə gənc kinematoqrafçılar fəal iştirak ediblər.
2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Yeni nəfəs” adlı qısametrajlı filmlərin ssenari müsabiqəsini elan edib. Bu müsabiqədə yaşı 35-ə qədər olan gənclər iştirak edə bilərlər. Müsabiqənin nəticələri 2013-cü ilin fevral ayında elan olunub. 2012-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri “Kinoşok” beynəlxalq kinofestivalında iştirak ediblər.
2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəhbərliyi Minsk şəhərində Belarus Respublikasının Kinematoqrafçılar İttifaqının yaranmasının 50 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmişdir. Həmin ayda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Start” beynəlxalq gənclər kinofestivalının işində fəal iştirak etmişdir. Bu festival “Cinema” gənc kinematoqrafçılar mərkəzi tərəfindən keçirilib. Festivalın münsiflər heyətinin rəhbəri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova seçilmişdir.
2012-ci il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan Dövlət Film Fondu ilə birgə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xalq artistləri Hacıbaba Bağırovun, Emin Sabitoğlunun, Əməkdar incəsənət xadimləri Hüseyn Seyidzadənin, Rüfət Şabanovun, Əlihüseyn Hüseynovun, Arif Nərimanbəyovun yubileylərinə həsr olunmuş xatirə gecələri keçirib.
2013-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dörd iclası keçirilib.
2013-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan Dövlət Film Fondu ilə birgə Mədəniyyət Nazirliyinin dəstəyi ilə xalq artistləri Hüseynağa Sadıqovun, Əliağa Ağayevin, Muxtar Dadaşovun, Şahmar Ələkbərovun, əməkdar artist Münəvvər Kələntərlinin, əməkdar incəsənət xadimləri Arif Babayevin, Ələkbər Muradovun yubileylərinə həsr olunmuş xatirə gecələri keçirilmişdir. 2013-cü ilin 6 may tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycanfilm Kinostudiyası, Nizami kino mərkəzi, Azərbaycan Dövlət Film Fondu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ümumilli Lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
2022-ci ildə yenidən Ş.Məmmədovanın sədr seçilməsi[6] barədə məlumatlar İttifaqda narazılıqlara səbəb olub.[7] 2023-cü ildə əvvəlcə qurumun mətbuat katibi Əli Vəliyev, daha sonra Xalq artisi Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva və başqaları üzvlükdən imtina etdiyini açıqlayıb.[8][9][10]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Mədəniyyət ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |