Azərenerji ASC

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır.

Azərenerji ASC
  • Azərenerji Açıq Səhmdar Cəmiyyəti
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 15 avqust 1935
Tabelik Azərbaycan Respublikası Nazirlər Kabineti
Baş qərargah Bakı Bakı
Ünvan Həsən bəy Zərdabi küçesi 94
Rəhbərlik
Prezident Balababa Rzayev
Vitse-prezident Ziyəddin Quliyev

Rəsmi saytı azerenerji.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Səhmləri dövlətə məxsusdur.

1935-ci ildə SSRİ Ağır Sənaye Xalq Komissarının 29 iyul tarixli əmrilə "Elektrotok" İdarəsi "Azneft"in tərkibindən çıxarılaraq, SSRİ Ağır Sənaye Xalq Komissarlığının "Başenerji" Baş Enerji İdarəsinin ("Qlavenerqo") tabeliyinə verilir və onun bazasında "Başenerji" Baş Enerji İdarəsinin "Azenerji" ("Azenerqo") Azərbaycan Rayon Enerji İdarəsi yaradılmışdır. 

"Azneft" trestinin 23/138 saylı 15.08.1935-ci il tarixli əmri ilə "Elektrotok" İdarəsi, tərkibində olan müəssisələrlə birlikdə, yeni yaradılmış "Azenerji" Azərbaycan Rayon Enerji İdarəsinin tərkibinə verilmişdir və 20 oktyabr 1935-ci il tarixindən "Azenerji" Azərbaycan Rayon Enerji İdarəsi rəsmi fəaliyyətə başlamışdır. 1957-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 292 saylı 08.06.1957-ci il tarixli Qərarı ilə Azərbaycan SSR Xalq Təsərrüfatı Sovetinin "Azenerji" Energetika İdarəsi yaradılmışdır. 

1962-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 808 saylı 16.10.1962-ci il tarixli Qərarı ilə Azərbaycan SSR Xalq Təsərrüfatı Sovetinin "Azenerji" Energetika İdarəsinin adı dəyişdirilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Energetika və Elektrikləşdirmə Baş İdarəsi yaradılmışdır. 

1965-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 20.10.1965-ci il tarixli Fərmanı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Baş Energetika və Elektrikləşdirmə İdarəsi ("Azqlavenerqo") yaradılmışdır. 

1970-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin "Azərbaycan SSR ərazisində yerləşən energetika müəssisə və təşkilatlarının SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin tabeliyinə verilməsi haqqında" 336 saylı 16.09.1970-ci il tarixli Qərarı ilə adı çəkilən nazirliyin tərkibində (SSRİ Nazirlər Sovetinin 611 saylı 29.07.1970-ci il tarixli Qərarı) "Azenerji" İstehsalat Birliyi yaradılmışdır. 1971-ci ildə SSRİ Nazirlər Soveti Azərbaycan SSR Nazirlər Sovetinin və SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin "Azenerji" İstehsalat Birliyinin yenidən təşkil edilməsi barədə təkliflərini qəbul edərək, özünün 196 saylı 26.03.1971-ci il tarixli Qərarı ilə SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyi Azərbaycan SSR Energetika və Elektrikləşdirmə ("Azqlavenerqo") Baş İstehsalat Birliyi yaradılmışdır. 

1988-ci ildə SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin 296a saylı 03.08.1988-ci il tarixli əmri ilə SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyi Azərbaycan SSR Energetika və Elektrikləşdirmə "Azbaşenerji" ("Azqlavenerqo") Baş İstehsalat Birliyi ləğv edilmişdir və onun bazasında Azərbaycan SSR Energetika və Elektrikləşdirmə "Azenerji" İstehsalat Birliyi (əmr № 154/L, 05.12.1988.) yaradılmışdır. 

1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin 571 saylı 10.05.1993-cü il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Sovetinin 301 saylı 14.06.1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan SSR Energetika və Elektrikləşdirmə "Azenerji" İstehsalat Birliyi Azərbaycan Respublikası Elektroenergetika və Elektrikləşdirmə "Azərenerji" Dövlət Şirkətinə çevrilmişdir.

1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin 423 saylı 17.09.1996-cı il tarixli Fərmanına əsasən ilkin mərhələdə səhmləri 100 faiz dövlətə məxsus olmaqla, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 200 saylı 28.12.1996-cı il tarixli Sərəncamı ilə "Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti təsis edilmişdir və 17.03.1997-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir (Dövlət qeydiyyat №-si 2234).

Azərenerji — ASC Azərbaycanın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə də regionda lider mövqe tutur. Hal-hazırda Cəmiyyətin tərkibində gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 124 yarımstansiya; "Mingəçevir", "Şəmkir", "Yenikənd", "Füzuli", "Taxtakörpü", "Şəmkirçay" və "Varvara" daxil olmaqla 7 ədəd su-elektrik stansiyası (SES), "Göyçay", "İsmayıllı-1", "İsmayıllı-2", "Balakən-1" və "Qusar" da daxil olmaqla 5 ədəd kiçik su-elektrik stansiyası, "Azərbaycan", "Cənub", "Sumqayıt", "Şimal", "Səngəçal", "Bakı İEM", "Bakı", "Şahdağ", "Astara" , "Şəki" və "Xaçmaz" da daxil olmaqla 11 istilik elektrik stansiyası (İES) daxildir.

Naxçıvan Muxtar Respublikası ərazisində "Naxçıvan" istilik elektrik stansiyası, "Naxçıvan" qaz-turbin elektrik stansiyası, "Araz", "Arpaçay-1", "Arpaçay-2", "Vayxır", "Biləv" su-elektrik stansiyaları və "Naxçıvan" günəş elektrik stansiyası mövcuddur. Yaxın bir neçə il ərzində bir sıra yeni stansiya və yarımstansiyaların, elektrik verilişi xətlərinin tikintisi və mövcud obyektlərin əsaslı yenidən qurulması planlaşdırılır.