Bakı Dövlət Universiteti-Jurnalistika fakültəsi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsiBakı Dövlət Universitetinin fakültələrindən biri.

Jurnalistika fakültəsi
Bakı Dövlət Universiteti

Yaradılma tarixi 1969
Dekan Vüqar Zifəroğlu
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı Bakı
Digər məlumatlar
Sayt journalism.bsu.edu.az

Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. Keçmiş SSRİ-nin universitetləri arasında ali jurnalistika təhsilinin əsası ilk olaraq 1928-ci ildə məhz ADU-da qoyulmuşdur. Həmin dövrdə Jurnalizm kafedrası tələbələrinin mətbuat orqanı sayılan "Student-jurnalist" qəzetinə müsahibə vermiş kafedra müdiri S. Sredinski (həmin müsahibəni götürən tələbə Hadi Mirzəzadə sonralar dil tarixi üzrə məşhur alim, BDU-nun professoru olmuşdur) göstərirdi ki, bu vaxtadək Şuralar İttifaqında jurnalistika təhsili iki məktəbdə həyata keçirilirdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda ("Student-jurnalist", № l, iyun, 1929).

Müəyyən fasilədən sonra 1945-ci ildən Filologiya fakültəsinin nəzdində yaradılan jurnalistika şöbəsi 25 il bir kafedra – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunmuşdur. Kafedranın ilk müdiri təcrübəli qəzet işçisi, tanınmış dövlət və ictimai xadim Həsən Şahgəldiyev olmuşdur. Onunla birlikdə milli jurnalist kadrlarının hazırlığı işinə o dövrün görkəmli mətbuat işçiləri – İsrafil Nəzərov, Nəsir İmanquliyev, Qılman Musayev (İlkin), Rza Quliyev, Cümşüd Əzimov da qoşulmuşlar. Akademik Məmməd Arif Dadaşzadə, Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Məmməd Qazıyev gələcək jurnalistlərin ilk müəllimləri olmuşlar. 1950-ci ildə şöbənin birinci buraxılışı olmuşdur. İlk məzunlardan prof. Şirməmməd Hüseynov, publisist Cavad Cavadlı, Saleh Tahirov hər zaman fəal yaradıcı həyat tərzi ilə seçilmişlər.

1969-cu ildə Jurnalistika şöbəsi fakültəyə çevrilmişdir. Onun ilk dekanı professor Nurəddin Babayev (1969–1970) olmuşdur. Sonrakı illərdə professor Şirməmməd Hüseynov (1970–1976), dosent Seyfulla Əliyev (1976–1979), professor Tofiq Rüstəmov (1979–1988), dosent Nəriman Zeynalov (1989), dos. Akif Rüstəmov (1989–1999), professor Yalçın Əlizadə (1999–2012), profesor Şamil Vəliyev (2012–2016), professor Cahangir Məmmədli (2016–2017) dekan vəzifəsində çalışmışlar. 2017-ci ildən isə filologiya üzrə elmlər doktoru, dosent Vüqar Zifəroğlu fakültənin dekanıdır.

Bu günə qədər fakültə 4 minədək məzuna diplom verib. Yüksək ixtisaslı milli kadrlar hazırlığında Nəsir İmanquliyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Famil Mehdi, Tofiq Rüstəmov, Əliş Nəbili və digər alim-pedaqoqların böyük xidmətləri olub.

Təhsil bakalavr və magistratura pillələri üzrə Azərbaycan (əyani və qiyabi), rus (əyani) və ingilis (əyani) dillərində aparılır.

Fakültədə tədris, elmi-metodik mərkəz kimi 4 kafedra, 2 studiya, 1 elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir: Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, Mətbuat tarixi və ideoloji iş metodları, Televiziya və radio jurnalistikası, Beynəlxalq jurnalistika kafedraları, Tədris tele-radio studiyası, "İnternet" mərkəzi, Jurnalistika elmi-tədqiqat laboratoriyası.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Jurnalistika fakültəsi beynəlxalq əlaqələr sahəsində öz ənənələrini formalaşdırmışdır. Həmin əlaqələrin əsası ötən əsrin 50-ci illərində Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsi ilə qoyulmuşdur. Azərbaycanda jurnalistika üzrə ilk namizədlik dissertasiyasını Mətbuat tarixi kafedrasının professoru Şirməmməd Hüseynov MDU-da müdafiə etmişdir. Sonrakı onilliklərdə MDU-nun Jurnalistika fakültəsi ilə elmi və yaradıcılıq əlaqələri daha da intensiv xarakter almış və həmin əlaqələr bu gün də davam edir. Əvvəlki illərdə Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının xətti ilə hər il fakültənin bir tələbəsi təhsilini MDU-nun Jurnalistika fakültəsində davam etdirib. ABŞ-nin İndiana və Kolorado universitetləri, Fransanın Lil Jurnalistika Məktəbi, Türkiyə, Macarıstan, Polşa və Gürcüstanın jurnalistika qurumları və təhsil müəssisələri ilə elmi və yaradıcılıq əlaqələri inkişaf etdirilir. Son üç ildə fakültənin 6 müəllimi xarici ölkələrdə (ABŞ, Fransa, Türkiyə, Macarıstan, Polşa) elmi ezamiyyətdə olmuşlar.