Boynuəyri Seyid Abdullah Paşa (v. mart 1761, Hələb əyaləti, Osmanlı imperiyası) — I Mahmud dönəmində 2 il 4 ay 10 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Seyid Abdullah Paşa | |
---|---|
24 avqust 1747 – 3 yanvar 1750 (ləqəbi: Boynuəyri) | |
Əvvəlki | Tiryaki Mehmed Paşa |
Sonrakı | Katib Mehmed Əmin Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | mart 1761 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Kərküklü Seyid Həsən Paşa |
Əslən ərəb olub, Kərküklü Seyid Həsən Paşanın oğludur. İlk təhsilini tamamladıqdan sonra Əndəruna alındı və sırasıyla silahdar, qapıçıbaşı, qapıçılar kəndxudası və 1738-ci ildə baş miraxur təyin edildi.[1] 1745-ci ildə vəzir rütbəsi alaraq Kipr valisi təyin edildi və saraydan ayrıldı. Daha sonra 1747-ci ildə Aydın valiliyinə gətirildi.[2]
Bu vəzifədə ikən Darüssəadə ağası Bəşir ağanın tələbiylə gizlicə İstanbula çağırıldı və 24 avqust 1747-ci ildə sədrəzəm təyin edildi.[3] Onun sədarəti dövründə bəzi əyalətlərdən şikayətlər gəlmiş, sərhəd boyunca yerləşən qala və istehkamların bərpası ləngimişdir. Digər yandan paytaxtdakı bahalıq səbəbilə dükan sahiblərinin kiçik miqyaslı ayaqlanmaları olsa da, bu iğtişaşlar çox böyümədən yatırıldı. Bütün bunlar səbəb göstərilərək Seyid Abdullah Paşa 3 yanvar 1750-ci ildə vəzifədən alındı.
Bir neçə gün sarayda həbs tutulan Seyid Abdullah Paşa 11 yanvarda Rodos adasına sürgün edildi. Ancaq çox keçmədən həmin ilin mayında bağışlandı və Qaraman valisi təyin edildi. Vəzifə yerinə gedərkən təyinatının dəyişməsi xəbərini aldı və Misir valisi olaraq Qahirəyə yollandı. 1753-cü ildə Hələb, 1756-cı ildə Rəqqə, 1757-ci ildə Diyarbəkir valisi təyin olundu.[4] Ardından Hələb bəylərbəyi təyin edilən Seyid Abdullah Paşa bu vəzifədə ikən 1761-ci ilin martında burada vəfat etdi.[5] Cənazəsi Əbubəkr təkyəsinə dəfn olundu.