Muhsinzadə Abdullah Paşa

Muhsinzadə Abdullah Paşa (1661mart 1749, Travnik, Bosniya əyaləti) — I Mahmud dönəmində 4 ay 14 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Muhsinzadə Abdullah Paşa
osman. مُحسن زاده عبدُ الله پاشا
5 avqust 1737 – 19 dekabr 1737
ƏvvəlkiDimetokalı Mehmed Paşa
SonrakıGömrükçü Mehmed Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1661
Vəfat tarixi mart 1749
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Uşağı

Əslən ərəb olub, tacir Hələbli Muhsin Çələbinin oğludur. Ailənin Mosuldan gəldiyi düşünülür. 1670-ci ildə atasının ölümünün ardından zərbxana əmini olan qardaşı Mehmed Əfəndinin vasitəçiliyi ilə zərbxanada xidmət etməyə başladı. Burada xidmət etdiyi sənada çıxan Ədirnə hadisələri əsnasında 23 avqust 1703-cü ildə üsyançılar tərəfindən baş dəftərdarlığa təyin olundu.[1]

Bir müddət fərqli vəzifələrdə xidmət edən Abdullah Əfəndi qaynatası Çorlulu Əli Paşanın sədarətə yüksəlməsinin ardından onun kəndxudalığına təyin olundu (1706). Ancaq onun gözdən düşərək vəzifədən alınmasının ardından Abdullah Paşa da 1710-cu ildə vəzifədən alındı və yenidən dəftərdarlıq daxilində fərqli vəzifələrə təyin olundu[2].

Silahdar Əli Paşanın sədarəti dövründə 1714-cü ildə Misirdə ayaqlanan üsyançı Qaytaş bəyi ələ keçirməklə vəzifələndirilən Abdullah Paşa bu vəzifəsində uğur qazandı və 1715-ci ilin oktyabrında Moreya dəftərdarlığına, 1716-cı ilin martında Rumeli bəylərbəyliyi, 1717-ci ilin aprelində isə İstanbula çağırılaraq sədarət kəndxudası təyin edildi.

Avstriya ilə davam edən müharibədə məşhurlaşan Abdullah Paşa 1717-ci ilin dekabrında Ədirnəyə çağırıldı və 1718-ci ilin yanvarında yeniçəri ağalığına, 21 gün sonra isə Rumeli bəylərbəyliyinə təyin edildi. Ancaq bu vəzifədə ikən yeniçərilərlə münasibətləri pisləşdi və 1721-ci ilin mayında öz istəyilə Bosniya bəylərbəyliyinə təyin olundu[3]. Müharibənin səngiməsinin ardından 24 avqust 1727-ci ildə yenidən Rumeli bəylərbəyliyinə gətirildi.

Patrona Xəlil üsyanının ardından üsyançılar tərəfindən İstanbula çağırıldı və 25 noyabr 1730-cu ildə yenidən yeniçəri ağalığına təyin olundu. Ancaq paytaxtdakı siyasi gərginlikdən uzaqlaşmaq istədi və çıxan iğtişaşlar əsnasında qaçaraq gizləndi. Ardından Adana, Hələb və Rumeli valiliyinə təyin edildi[4].

5 avqust 1737-ci ildə sədarətə təyin edilən Abdullah Paşa baş miraxur Şəhla Əhməd ağadan sədarət möhürünü aldıqdan sonra paytaxta doğru yola düşdü.[1] Ancaq dekabr ayında İstanbula gəlib çatan Abdullah Paşa saraya gəldikdə sədarət möhürü əlindən alındı və 17 yanvar 1738-ci ildə Salonikiyə göndərildi. 1743-cü ildə Vidin qalasının mühafizəsi ilə, 1745-ci ildə isə Rumeli bəylərbəyliyi ilə vəzifələndirildi. 1746-cı ilin avqustunda təqaüdə ayrılsa da, 1748-ci ilin martında Bosniya valisi təyin edildi. Bu vəzifədə ikən 1749-cu ilin martında Travnikdə vəfat etdi.

Ədirnə hadisələri əsnasında təyin edildiyi baş dəftərdarlıq vəzifəsində ikən Çorlulu Əli Paşanın qızı Ayşə xanımla evləndi. Oğullarından Mehmed Paşa 1745-ci ildə Sultan Əhmədin qızlarından Əsma Sultanla nişanlandı. Ancaq oğlunun da özü kimi əyalətlərdə xidmət etməsi səbəbilə toy mərasimi gecikdi və Abdullah Paşa oğlunun 1758-ci ildə baş tutan toy mərasimini görə bilmədi.

  1. 1 2 Şentürk. Nazır. (2008). Babıali ve Sadrazamları. Doğan Kitap. bs. 4. İstanbul
  2. Feridun Emecen, “Başbaki Kulluğu”, TDVİA, c. 5, İstanbul, 1992, s. 126 – 127
  3. Feridun Emecen, “Abdullah Paşa, Muhsinzade”, TDVİA, c. E K – 1, İstanbul, 2016, s. 8
  4. Buz. Ayhan. (2009). Sokullu’dan Damat Ferit’e Osmanlı Sadrazamları. Neden Kitap. İstanbul
  • Bir Grup Biyografisi Denemesi: Osmanlı Sadrazamları (1718-1917). Yüksek Lisans Tezi. Semi Özgen Cesur. Kırıkkale 2023