Nişançı Hacı Əhməd Paşa (Foça, Osmanlı imperiyası – fevral 1753, Hələb əyaləti, Osmanlı imperiyası) — I Mahmud dönəmində 1 il 10 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Nişançı Hacı Əhməd Paşa | |
---|---|
22 iyun 1740 – 21 aprel 1742 | |
Əvvəlki | Hacı İvaz Mehmed Paşa |
Sonrakı | Həkimoğlu Əli paşa |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | fevral 1753 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Əslən Alanyalı olub, Foçada dünyaya gəldi. Atası Cəfər ağa Sultan Əhmədin sədrəzəmlərindən Hacı Əhməd Paşanın kəndxudası Osman ağanın qohumu idi. Üstəlik əmisi vəzir Hacı Əbubəkr Paşa da Ciddə valisi idi. Bu səbəblə ilk təhsilini tamamladıqdan sonra əmisinin yanına göndərildi və burada xidmətə başladı. Burada əmisinin kəndxudası kimi xidmət etdi və saray ədəb-ərkanını öyrəndi.
Ardından İstanbula göndərildi və sırayla qapıçılar kəndxudası, çavuşbaşı və baş miraxur təyin olundu. Bu vəzifədə ikən 1737-ci ilin avqustunda yenicə sədarətə gətirilən Muhsinzadə Abdullah Paşaya sədarət möhürünü təslim etməklə vəzifələndirildi[1]. Çox keçmədən 1737-ci ilin dekabrında sədarət kəndxudası, 14 mart 1738-ci ildə vəzirliklə sədarət naibi, 1739-cu ilin martında riqabdar, həmin ilin noyabrında isə nişançı təyin edildi.[2]
Hacı İvaz Paşanın sədarəti əsnasında Aydında qalması şərtilə sədarət naibliyinə gətirildi. Çox keçmədən 22 iyun 1740-cı ildə özü sədarətə yüksəldi. Ancaq şərq cəbhəsindən gələn məğlubiyyət xəbərləri, əhalinin şikayətləri və Əhməd Paşa haqqında gəzən rüşvət şayələri səbəbilə 21 aprel 1742-ci ildə vəzifədən alındı[2]. Vəzifədən alınmasında Nadir şahla gedən sülh müzakirələrini düzgün apara bilməməsi və dövlət işlərindəki təcrübəsizliyi mühüm rol oynadı.
Haqqındakı rüşvət şayələri səbəbilə, mal-mülkü müsadirə edilən Əhməd Paşanın edam olunması gözlənilsə də, xələfi Həkimoğlu Əli Paşanın tövsiyəsilə canı bağışlandı və Rodosa sürgün edildi[1]. 1743-cü ildə bağışlandı və həmin il içində öncə Raqqa, daha sonra isə Sayda valisi təyin edildi. Ardından 1744-cü ildə Qars qalasının mühafizəsiylə vəzifələndirildi və bu vəzifədə ikən Nadir şahın ordularına qarşı qalanı müdafiə etdi. Daha sonra Hələb, Diyarbəkir, Bağdad, Misir, Adana kimi əyalətlərdə xidmət etdi. Son vəzifə yeri olan Hələbdə 1753-cü ilin fevralında vəfat etdi.